Azərbaycan Dövlət Kukla Teatrı 2026-cı ildə 95 yaşını qeyd edəcək. Kollektiv yubiley ilinə böyük yaradıcılıq planları ilə başlayıb. Yubiley ilində tamaşalar da çox olacaq.
Bu barədə danışan teatrın mətbuat katibi Həmidə Rüstəmova bildirib ki, il ərzində Solmaz Amanovanın “Turac və sehrli daraq” (rejissor Səidə Haqverdiyeva), Dmitri Boqoslovskinin “Səyyah” (rejissor Anar Məmmədov), Abdulla Şaiqin “Danışan gəlincik” (rejissor Müşfiq Əliyev), Şarl Perronun “Yatmış gözəl” (rejissor Anar Məmmədov) tamaşaları hazırlanacaq. Bundan əlavə, dəvətli rejissorların quruluşunda daha 3 tamaşanın hazırlanması nəzərdə tutulub.
Ötən il Azərbaycan Dövlət Kukla Teatrı üçün məhsuldar, yaddaqalan, repertuar və festival proqramına görə çox zəngin il olub.
“Teatrda plan və plandankənar olmaqla 9 tamaşa hazırlandı. Sənət ocağı il ərzində 4 beynəlxalq teatr festivalında uğurla iştirak edib. Teatrın ölkədaxili qastrol proqramı da yaddaqalan oldu. Müxtəlif bölgələrə, xüsusən də Böyük Qayıdışın ünvanlarından Ağdama ilk səfər edən sənət ocağı olduq. İşğaldan azad olunan və yaşayışın bərpa olunduğu bütün torpaqlarımıza sənət ocaqları arasında ilk səfəri kuklaçılar edib”, – deyə H.Rüstəmova vurğulayıb.





















