Ötən ilin avqustunda təsis edilən “İzzət kino mükafatı”nın qaliblərinin adı yaxın zamanda elan olunacaq.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Bildirilib ki, artıq mükafatın rəsmi dizaynı hazırdır. Rəssam-animator Sevinc Quliyevanın müəllifi olduğu eskiz İzzət Orucovanın oynadığı Sevil və Almaz obrazlarının sintezindən yaradılıb. Posterdəki kino lentləri ilə əhatələnən obraz Azərbaycan kinosunun qadın simasını təcəssüm etdirir.
Mükafat rejissor və prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqının beynəlxalq əlaqələr və layihələr üzrə meneceri Afaq Yusifli tərəfindən təsis edilib. Layihə "Azad Mirzəcənzadə İnkişaf Proqramı"nın 2025-ci il üzrə 2-ci dalğasının 10 qalibindən biridir.
Layihənin rəsmi tərəfdaşları arasında Azərbaycan Kinematoqrafçılar İttifaqı və Gənc Film İstehsalçıları Assosiasiyası var. Təsisçinin verdiyi məlumata görə, münsiflər heyətinin tərkibi və ilkin siyahı artıq hazırdır. Hazırda mükafatın hazırlanma prosesi və son təşkilati məsələlər üzrə işlər gedir.



















