Cəfər Cabbarlının “Aydın” pyesi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni quruluşda səhnələşdirilir.
Bu barədə teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verib.
Tamaşaya Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov quruluş verir. Premyeranın fevralın sonu – martın əvvəllərində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Cəfər Cabbarlının məşhur dramı indiyədək müxtəlif teatrlarda dəfələrlə səhnəyə qoyulub. Akademik Milli Dram Teatrında tamaşaçılar axırıncı dəfə bu əsərə mərhum Xalq artisti Mikayıl Mirzənin quruluşunda baxıblar. Hazırda “Aydın” Milli Gənc Tamaşaçılar Teatrı və Akademik Rus Dram Teatrının repertuarındadır.
Yanvarın sonlarında isə Akademik Milli Dram Teatrında Şota Rustaveli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvarelidzenin quruluşunda V.Şekspirin "Kral Lir" faciəsi əsasında eyniadlı yeni tamaşanın məşqləri başlanacaq. Bu, Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi münasibətilə benefis tamaşa olacaq.
Teatrın beynəlxalq əlaqələri barədə məlumat verən mətbuat katibi deyib: “Akademik Milli Dram Teatrının beynəlxalq əlaqələrinin genişləndirilməsinə çox önəm verilir. Bu məsələ teatrımızın prioritet istiqamətlərindən biridir. Bu məqsədlə dünyanın müxtəlif teatrları ilə memorandumlar imzalanır. Bunun nəticəsi olaraq 10 Mart - Milli Teatr Günündə Milli Dram Teatrının memorandum imzaladığı türkdilli dövlətlərin milli teatrlarının rəhbərlərinin iştirakı ilə milli kimlik, milli özünüdərk mövzusunda yeni tamaşa təqdim ediləcək. Bizim son dəfə memorandum imzaladığımız ölkə hələ ki, Çindir. Çinin üç böyük teatrı ilə əməkdaşlıq əlaqələri qurmuşuq. Bu memorandumdan irəli gələn məsələlərin həlli ilə bağlı Çinin məşhur dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarət etməsi” əsəri əsasında hazırlanan tamaşanın məşqləri yaxın aylarda başlayacaq. Bu tamaşanın da may ayına kimi təhvil verilməsi planlaşdırılır”.






















