Akademik Musiqili Teatrda ötən ilin oktyabrında hazırlıqlar başlanan “Zal qızı Zalxa” musiqili komediyasının premyerası 30-31 yanvar tarixlərinə nəzərdə tutulub.
Teatrın mətbuat katibi Fəridə Aslanovanın bildirdiyinə görə, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında hazırlanan tamaşaya Prezident mükafatçısı Samir Qulamov quruluş verib. Musiqili komediyanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.
Tamaşa Xalq artisti Afaq Bəşirqızının 70 illik yubileyinə töhfədir. Xatırladaq ki, aktrisa bu əsərə 2007-ci ildə Əməkdar incəsənət xadimi Oruc İzzətoğlunun quruluş verdiyi tamaşada da baş rolu (Zal qızı Zalxa) oynayıb.
Bu il həmçinin Əli Əmirlinin librettosu və bəstəkar Əli Əliyevin musiqisi əsasında hazırlanan “Mesenat” tamaşasının da premyerası nəzərdə tutulub. Xatıradaq ki, Əli Əmirlinin vaxtilə Akademik Milli Dram Teatrında səhnəyə qoyulan bu əsəri məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti haqqındadır. Bu tamaşanın da quruluşçu rejissoru Samir Qulamovdur.
2026-cı ildə Akademik Musiqili Teatrın bir-birindən maraqlı layihələrinin çox olacağını deyən F.Aslanovanın sözlərinə görə, Türk dünyasına aid "Şahmaran" əfsanəsi əsasında yeni tamaşa da bu il repertuarı zənginləşdirəcək. Rok-müzikl kimi hazırlanan tamaşanın libretto müəllifi və quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlova, bəstəkarı Vüqar Camalzadədir.
Teatrın ötən il üçün yaddaqalan tədbirlərindən söhbət açan mətbuat katibi deyib: “Yaradıcı heyət respublikamızda keçirilən tədbirlərdə, eyni zamanda, xarici ölkələrdə təşkil olunan bir sıra beynəlxalq müsabiqə və festivallarda uğurlara iştirak edib. Buna nümunə olaraq, “Qadınım” tamaşasını göstərmək olar. Heyət İstanbulda VII Beynəlxalq Maltəpə Festivalında çıxış edib. Həmçinin “Anamın kitabı” tamaşası ilə də Pakistanın Kəraçi şəhərində keçirilən Dünya Mədəniyyəti Festivalında iştirak edib. Hər iki tamaşanın quruluşçu rejissoru İradə Gözəlovadır. Rejissor və prodüser Ələkbər Tağızadənin quruluşunda hazırlanan “Sən kralsan” müziklinin premyerası da ötən il uğurla təqdim olunub. Tamaşa dünya şöhrətli musiqiçi Elvis Preslinin ölməz mahnıları əsasında ərsəyə gəlib".
Bundan əlavə, sənət ocağında akademik, Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesi əsasında Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda hazırlanan "Gülçöhrə və Əsgər" tamaşası ötən ilin ən parlaq premyeralarından biri olub və sevilərək izlənilir.





















