Qax rayonunda orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələri çoxdur. Onlardan biri İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən ölkə əhəmiyyətli “Sumuq qala” abidəsidir. İnşa tarixi XVIII əsrə aid edilən bu müdafiə qülləsi sümük kimi möhkəm olduğu üçün yerli əhali tərəfindən belə adlandırılır. Yerli ləhcədə “sümük” sözü “sumuq” kimi tələffüz olunur. Qala ilin hər fəslində rayona gələn yerli və xarici turistlər üçün də böyük maraq doğurur.
İlisu Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Azər Qocayev bildirib ki, 2025-ci ildə qalanı 3500-dən çox yerli və xarici turist ziyarət edib. Əcnəbi turistlər arasında Çin, Rusiya və Türkiyə vətəndaşları üstünlük təşkil edib.
Hazırda qoruq ərazisində mühafizəyə götürülən 50 tarixi-memarlıq və mədəniyyət abidəsi var. Onlardan 13-ü dövlət qeydiyyatına alınıb. Digər 37 abidənin də qeydiyyata alınması ilə bağlı müvafiq qurumlara müraciət olunub. Bu abidələrin bir qismi, o cümlədən “Sumuq qala”, “Ulu körpü” və “Ulu məscid” İlisu Sultanlığı dövründə inşa edilib. “Qalaça”, “Bürc qala” və digərləri isə Çar Rusiyası qoşunlarının sultanlığı işğal etdikdən sonra inşa olunmuş abidələrdir.
“Qoruğun ərazisində alban dövrünə aid abidələr də mövcuddur. “Cinli qala”, Ağçay kəndindəki “Oğlan qala – qız qala”, “Kilsə qalıqları” və digər abidələr daş yaddaşımızdır və bu diyarın qədimliyindən soraq verir”, – deyə direktor vurğulayıb.
Qeyd edək ki, “Sumuq qala”nın daxilində yerli əhalidən könüllü şəkildə toplanmış qədim əşyalar və sənətkarlıq nümunələri əsasında muzey də yaradılıb. Hazırda muzeydə xeyli sayda eksponat nümayiş etdirilir. Eksponatlar içərisində çörək bişirmək üçün istifadə olunan təndir maketi, sənətkar tərəfindən hazırlanmış əsa, qədim xalça qalığı, köhnə sandıq, çörək təhnəsi, mis qablar və digər əşyalar, həmçinin qalada çəkilmiş “Qorxma, mən səninləyəm” bədii filminə (1981) aid eksponatlar gələnlərin marağına səbəb olur.























