Yanvarın 8-də Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FIS (International Ski and Snowboard Federation; Fédération Internationale de Ski) təqviminə əsasən, qadın idmançılar arasında “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri başlanıb.
Tədbirin açılış mərasimində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Turizm Agentliyinin sədri, Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər.
Turnirə Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal və Özbəkistandan müxtəlif yaş kateqoriyasında olan 20 qadın idmançı qatılıb. Yarışda ölkəmizi dağ xizəkçisi Anastasiya Papatoma təmsil edir.
Turnirin ilk günündə idmançılar dağ xizəyinin slalom növündə yüksək nəticə uğrunda mübarizə aparırlar.
Növbəti günlərdə idmançılar slalom və böyük slalom (Giant slalom) növlərində birincilik uğrunda yarışacaqlar.
“Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri yanvarın 10-da başa çatacaq.
Xatırladaq ki, 2025-ci ilin may ayında Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında qış turizmi və qış idman növlərinin inkişafı, eləcə də Azərbaycanın qış idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi məqsədilə 5 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanıb.
Müqavilə çərçivəsində qış turizmi infrastrukturunun təkmilləşdirilməsi, Azərbaycanın xarici turistlər üçün cəlbedici qış turizm destinasiyasına çevrilməsi və “Şahdağ” Turizm Mərkəzində beynəlxalq xizək yarışlarının təşkili üzrə birgə əməkdaşlıq nəzərdə tutulur.
Əməkdaşlığın əsas məqsədi Azərbaycanın qış idman növləri üzrə dünya səviyyəli yarışların keçirildiyi destinasiya kimi tanıdılması və ölkənin turizm brendinin beynəlxalq arenada genişmiqyaslı tanıtımının təmin edilməsidir. Müqaviləyə əsasən, Azərbaycan 5 il müddətinə FIS tərəfindən təşkil olunan qlobal yarışlarda “Qlobal Destinasiya Tərəfdaşı” qismində çıxış edəcək. Tərəfdaşlıq müqaviləsinə əsasən cari il martın 14-15-də ilk dəfə olaraq Azərbaycan moqul üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcək.























