Akademik Milli Dram Teatrında gənc yazıçı Pərviz Seyidlinin “Ləng” (“Zamanla yarışan hökmdar”) əsəri əsasında eyniadlı yeni tamaşanın məşqləri başlanıb.
Türk dünyasının ən qüdrətli dövlət xadimi və sərkərdələrindən biri olmuş Əmir Teymurun həyatından, fəthlərindən bəhs edən, milli kimlik və milli özünüdərk ideyasını ehtiva edən yeni tamaşanın quruluşçu rejissoru Bəhruz Vaqifoğlu, ikinci rejissoru Nigar Güləhmədova, səhnə tərtibatçısı İsa Əsədov, geyim üzrə rəssamı Aygün Mahmudova, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistenti Ceyran Başarandır.
Səhnə əsərində Əməkdar artistlər Abbas Qəhrəmanov (Teymur), Anar Heybətov (Toxtamış), Kazım Həsənquliyev (Qiyasəddin), Ayşad Məmmədov (Keşiş), Elşən Cəbrayılov (Makro), aktyorlar Afət Məmmədova, Nigar Güləhmədova (Saray xatun), İlahə Həsənova (Anna), Vüsal Mustafayev (Lal) rol alıb. Bundan əlavə, tamaşada kütləvi səhnələrdə gənc və tələbə aktyorlar Elçin Nurəliyev, Tural İbrahimov, Əliulla Vəliyev, Rəvan Səmədov, Kənan Hüseynov, Muhuma Sahov, Rüfət Əhmədov, Məmməd Məmmədli, Əli Nurzadə, Fərid Qarayev, Nicat İsgəndərli iştirak edəcəklər.
Qeyd edək ki, Pərviz Seyidlinin sözügedən əsəri Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə keçirdiyi “Zəfərdən qələmə” pyes müsabiqəsində qalib olub.
"Ləng” (“Zamanla yarışan hökmdar”) tamaşasının premyerasının 10 mart – Milli Teatr Günündə keçirilməsi nəzərdə tutulur. Akademik Milli Dram Teatrında hər il təntənə ilə qeyd edilən sənət bayramına bu il türkdilli ölkələrin – Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan teatrlarının rəhbərləri də dəvət olunacaq.
Xatırladaq ki, bu il həmçinin dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin "Topal Teymur" dramının Azdramada ilk dəfə səhnəyə qoyulmasının 100 illiyidir. Teatrda müxtəlif quruluşlarda tamaşası hazırlanan məşhur əsər Azərbaycan Televiziyasında da ekranlaşdırılıb.





















