Tanınmış mədəniyyət xadimi, prodüser, klip və kütləvi tədbirlər rejissoru Sevinc Kərimova yanvarın 7-də 70 yaşında vəfat edib.

Sevinc Kərim qızı Kərimova 1980–1990-cı illərdə Azərbaycanda televiziya proqramlarının, kütləvi tədbirlərin rejissoru və prodüseri kimi fəaliyyət göstərib. “Karvan” qrupunun yaradıcısı idi. Həyat yoldaşı, bəstəkar Mikayıl Vəkilovla birlikdə gənc azərbaycanlı musiqiçilərin böyük səhnələrə çıxmasına dəstək göstərib, “Bakı payızı” estrada ifaçıları müsabiqəsinin təşkilində yaxından iştirak edib.

Sonralar ABŞ-yə (Kaliforniya ştatı) köçüb və “Golden Arts Entertainment Production” şirkətində prodüser kimi fəaliyyətini davam etdirib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Bakı payızı – 35 il sonra” və “Birlikdə” adlı beynəlxalq layihələrin təşkilatçısı olub. Övladları –  Rüstəm Vəkilov kinorejissor, Nigar Vəkilova moda sahəsi üzrə fotoqrafdır.

2025-ci ilin avqustunda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-yə səfəri zamanı Sevinc Kərimova ilə görüşmüş və ona “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim etmişdi.

Bu yaxınlarda Bakıya gələn Sevinc Kərimova vəfatından saatlar öncə, 2025-ci il yanvarın 7-də Prezident İlham Əliyevin  sərəncamı ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülmüşdü.

Allah rəhmət eləsin.