Yanvarın 7-də pravoslavlar (ortodoks) xristianları Milad bayramını – İsa Məsihin mövludu gününü qeyd edirlər.

Böyük bayram yanvarın 6-da Müqəddəs axşamdan başlayır. Pravoslavlar üçün bu, 40 günlük orucun son günü və İsa Məsihin mövludu gününün qeyd olunmasına hazırlıq vaxtıdır.

Axşam saatlarında bütün ailə masa arxasında toplaşır. Masanın üzərinə həvarilərin sayını simvolizə edən 12 növ oruc yeməyi qoyulur. Yeməklərin hər birindən az da olsa dadılmalıdır. Masada yanan şamın olması yaxşı əlamət hesab olunur, bu, canlı alovu simvolizə edir.

Bu şam yeməyi ilə Milad orucu başa çatır. Yanvarın 7-də bütün məhdudiyyətlər aradan qaldırılır və bundan sonra əsl bayram ziyafəti təşkil etmək mümkündür.

Azərbaycandakı pravoslav xristian icması da İsa Məsihin mövludu gününü ənənəvi olaraq qeyd edir. Xristianlığın ölkəmizdə dərin tarixi kökləri var. Qafqazda ilk xristian məbədlərinin məhz burada yaranması təsadüfi deyil. Bu torpaqlarda dünya dinləri əsrlər boyu sülh şəraitində yanaşı mövcud olub, insanlar arasında dostluq və qardaşlıq münasibətlərinin qurulmasına töhfə verib. Xristianlar, eləcə də digər inancların daşıyıcıları Azərbaycanda bütün hüquqlara malikdir və ictimai həyatda fəal iştirak edirlər. 

***

Prezident İlham Əliyev ənənəvi olaraq bu il də Azərbaycanın pravoslav xristianlarını İsa Məsihin mövlud günü münasibətilə təbrik edib. Pravoslav xristian icmasına ünvanlanan müraciətdə deyilir:

“Azərbaycanda əsrlər boyu müxtəlif xalqlar və konfessiyalar arasında qarşılıqlı hörmətə və etimada, səmimi dostluğa və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür. Cəmiyyətimizdə birgəyaşayışın yüksək mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və tolerantlıq prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs üçün mədəni özünüifadə imkanları mövcuddur. Dilindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları, o cümlədən xristian icması üçün onların etnomədəni özünəməxsusluğunu qoruyub saxlamağa və daha da inkişaf etdirməyə imkan verən hərtərəfli demokratik-hüquqi şərait yaradılıb. Xristian həmvətənlərimizin ümumi evimiz olan Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə bütün ictimai-siyasi, sosial-mədəni həyat sahələrində fəal iştirak etmələri təqdirəlayiqdir”.

***

Yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycandakı pravoslav kilsələrində təntənəli ibadətlər keçirilib.

Paytaxtda yerləşən Müqəddəs Mürr-daşıyan Zənənlər kafedralında  (“Jen Mironosits” pravoslav kafedral kilsəsi) Milad bayramı münasibətilə liturgiya icrasına başlamazdan əvvəl Bakı və Azərbaycan yepiskopu Aleksi jurnalistlərlə söhbətində deyib: “İlk növbədə ölkəmizin bütün sakinlərini Rəbbimiz İsa Məsihin mövludunun nurlu bayramı münasibətilə təbrik etmək istəyirəm. Bu bayram Rəbb İsa Məsihə inanan insanları birləşdirir. Lakin bu bayrama sülhə, rifaha və mehriban qonşuluq münasibətlərinə can atan bütün xeyirxah insanlar da biganə qalmır. Pravoslav xristianlar bayramı kilsə ənənəsində nəzərdə tutulduğu kimi qeyd edirlər. Bayram ərəfəsində Milad axşamı sərt oruc tutulur. Pravoslav xristianlar gecə yarısı keçirilən ibadətdə birlikdə olmaq üçün hazırlaşırlar. Məhz həmin vaxt, Müqəddəs Yazının kilsə rəvayətinə əsasən, Rəbb İsa Məsihin mövludu baş verib. Həmin gecə Beytüləhmdə ulduz parlayıb, mələklər peyda olub və onlar Rəbbimizin doğulduğu yerə həm tarlada olan sadə insanları, çobanları, həm də uzaq ölkələrdən gəlmiş müdrikləri gətiriblər ki, yer üzündə doğulan Tanrıya birlikdə səcdə etsinlər”.