Tarixdəki olaylar
6 yanvar 1733 – Səfəvi ordusu Bağdad yaxınlığında baş verən döyüşdə Osmanlı qoşunlarını məğlub edib. Tərəflər arasında imzalanan Bağdad sülh müqaviləsinə əsasən, Osmanlı dövləti 1723-1724-cü illərdən başlayaraq ələ keçirdiyi bütün Səfəvi torpaqlarını geri qaytarmağa razılıq verib. Osmanlı dövləti həmin dövrdə Şimali Azərbaycanın böyük hissəsini (Xəzəryanı ərazilərdən savayı), habelə Təbriz, Ərdəbil, Marağa, Xoy və digər Cənubi Azərbaycan ərazilərini nəzarətə götürmüşdü. 1732-ci ildə bağlanan Kirmanşah müqaviləsi ilə Səfəvilər Cənubi Azərbaycan ərazilərini geri ala bilmişdi.
6 yanvar 1992 – Gürcüstanda dövlət çevrilişi baş verib. Prezident Zviad Qamsaxurdia ölkədən qaçıb.
6 yanvar 1994 – Qarabağda Ermənistan işğalçı qoşunları ilə müharibədə əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələrinin hissələri Füzuli rayonunun Aşağı Yağlıvənd, Kərimbəyli və Şükürbəyli kəndlərini azad edib, Horadiz qəsəbəsi nəzarət altına alınıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
6 yanvar 1872 – Rus bəstəkarı Aleksandr Nikolayeviç Skryabin (1872 – 27.4.1915) anadan olub. “Ekstaz poeması” və “Prometey” simfonik poemalarının, “rəngli musiqi”nin yaradıcısıdır.
6 yanvar 1879 – Tatarıstan ədəbiyyatının klassiki, dramaturq və publisist Qaliəsgər Kamal (Kamaletdinov; 1879 – 8.6.1933) anadan olub.
6 yanvar 1907 – SSRİ Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev; 1907 – 1.4.1980) Qax rayonunun Zərnə kəndində doğulub. Milli Dram Teatrında klassik obrazlar silsiləsi yaradıb, filmlərdə çəkilib.
6 yanvar 1911 – SSRİ Xalq artisti, aktyor Nikolay Afanasyeviç Kryuçkov (1911 – 13.4.1994) anadan olub. “Bakının işıqları” (1950) filmində (Paramonov) çəkilib.
6 yanvar 1914 – Əməkdar artist Nəcibə Məcid qızı Behbudova (1914 – 7.12.1999) Tiflisdə anadan olub. Tiflis Azərbaycan teatrında, Musiqili Komediya Teatrında çalışıb, filmlərdə çəkilib.
6 yanvar 1938 – Görkəmli şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5.6.1908 – 1938) repressiya olunaraq güllələnib.
6 yanvar 1962 – SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (8.12.1901 – 1962) vəfat edib. Milli Dram Teatrında çalışıb, filmlərdə çəkilib.
6 yanvar 2024 – Əməkdar artist, xanəndə Aygün Aydın qızı Hümbətova (Bəylər; 22.8.1975 – 2024) vəfat edib.
Hazırladı: Vüqar Orxan























