İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 2025-ci il üzrə icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, ötən il Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazisində, eləcə də Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 4963 piyada əleyhinə mina, 1861 tank əleyhinə mina, 52392 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Məlumatda qeyd olunur ki, 2025-ci ildə ümumilikdə 69205,7 hektar (100 hektar = 1 kvadrat kilometr), yəni 692 kvadrat kilometr ərazi mina və PHS-lərdən təmizlənib.

Bu, bir öncəki il (2024) ilə müqayisədə təxminən 7 min hektar (70 kvadrat kilometr) çoxdur. 2024-cü ildə 62023,9 hektar ərazinin mina və partlamamış sursatlardan təmizləndiyi bildirilmişdi. Bu barədə məlumat Media Təhlil Mərkəzinin (MTM) hazırladığı təhlildə yer almışdı.

Həmin məlumatda 2020-ci ilin noyabr ayından 2024-cü ilin sonunadək ümumilikdə 179791,8 hektar ərazinin (1797,9 kvadrat kilometr) mina və partlamamış sursatlardan tamamilə təmizləndiyi qeyd olunmuşdu.

ANAMA-nın 2025-ci il üzrə məlumatını da buraya əlavə etsək, ötən müddətdə 249 min hektara yaxın (2490 kvadrat kilometr) ərazinin minadan təmizləndiyini deyə bilərik.

Xatırladaq ki, 2020-ci ilin Vətən müharibəsində ümumilikdə təxminən 10 min kvadrat kilometr ərazi işğaldan azad olunmuşdu. İndiyədək minadan təmizlənən ərazilər bunun 25 faizini təşkil edir.