Akademik Milli Dram Teatrında Xalq artisti, görkəmli sənətkar Nurəddin Mehdixanlının 70 illik yubileyi münasibətilə Vilyam Şekspirin "Kral Lir" əsəri əsasında benefis tamaşa hazırlanacaq.
Bu barədə teatrdan məlumat verilib.
Tamaşanın quruluş müəllifi Şota Rustavelli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvarelidzedir. Səhnə əsərinin musiqi tərtibatını da gürcüstanlı rejissor verəcək.
Xatırladaq ki, ötən ilin dekabrında bununla bağlı Akademik Milli Dram Teatrında David Sakvarelidze ilə görüş olmuşdu.
Layihə 2025-ci ilin fevralında Akademik Milli Dram Teatrı ilə Gürcüstan Milli Teatrı arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.
"Kral Lir"in tərcümə və səhnə variantının müəllifi Kamran Nəzirli, səhnə tərtibatçısı və geyim üzrə rəssamı Vüsal Əliyev, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə döyüşü və plastik həll Bəhruz Əhmədliyə məxsusdur.
Yeni yaradıcılıq işində baş qəhrəmanı oynayacaq Nurəddin Mehdixanlı ilə yanaşə Xalq artistləri Sabir Məmmədov, Əməkdar artistlər Münəvvər Əliyeva, Elnar Qarayev, Anar Heybətov, Elşən Rüstəmov, aktyorlar İlahə Həsənova, Rəbbilə Ələkbərzadə, Tural İbrahimov, Elsevər Rəhimov, Elçin Nurəliyev, Əliulla Vəliyev, Rəvan Səmədov, Vüsal Mustafayev, Kənan Hüseynov, Muhuma Sahov və Rüfət Əhmədov rol alıblar.
Gürcüstanlı rejissor artıq yaradıcı heyətlə görüşüb və yaxın günlərdə tamaşa üzərində iş başlayacaq.
Premyera aprel ayına nəzərdə tutulub.























