İsveçrə hakimiyyəti yeni ilin ilk günü Krans-Montana kurortunda baş verən və çox sayda insanın ölümünə səbəb olan yanğın faciəsi ilə bağlı yanvarın 9-da milli matəm elan edib.

İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmelen bu barədə mediaya açıqlamasında deyib.

“Federal hakimiyyət orqanları İsveçrə kilsələri ilə birlikdə yanvarın 9-da matəm keçirməyi planlaşdırır”, – deyə o bildirib.

Anım mərasimində iştirak etmək niyyətini diqqətə çatdıran dövlət başçısı əlavə edib ki, milli həmrəyliyin əlaməti olaraq, Krans-Montanadakı matəm mərasiminin əvvəlində saat 14:00-da bütün İsveçrə kilsələrinin zəngləri çalınacaq. 

İsveçrənin Vallis kantonunda yerləşən Krans-Montana dağ-xizək mərkəzində baş vermiş yanğında, rəsmi məlumata görə, 40 nəfər həlak olub, 120-dək insan xəsarət alıb.

Bu, 2025-ci ilin 21 yanvarında Türkiyənin Bolu vilayətindəki Kartalkaya dağ-xizək mərkəzində (“Grand Kartal Hotel”) 78 nəfərin həyatına son qoyan yanğından sonra qış turizmi məkanları ilə bağlı son illər üzrə ikinci belə böyük faciədir.

Faciə yanvarın 1-i səhər saatlarında "Constellation Bar"da meydana gəlib. Yüzlərlə insanın Yeni ili bayram etdiyi məkanda tavana yaxın yerləşdirilmiş fişəng və "benqal şamları"nın alışması nəticəsində partlayışla müşayiət olunan güclü yanğın baş verib.

Maraqlıdır ki, ölkədə rəsmi matəm mərasimi Yeni illə bağlı bayram tədbirləri və kütləvi istirahət yekunlaşandan sonraya saxlanılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar yanvarın 2-də İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə başsağlığı məktubu ünvanlayıb.

“Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”, – deyə məktubda vurğulanır.

Azərbaycan Xarici İşlər Nazirliyi də İsveçrənin Kran-Montana kurortunda baş vermiş faciəvi yanğınla bağlı sosial media hesabında başsağlığı paylaşımı edib.