2026-cı il beynəlxalq siyasət nöqteyi-nəzərindən Amerika qitəsindən başlandı. Yanvarın 2-dən 3-nə keçən gecə ABŞ-nin  Venesuelaya qəfil hava hücumu, bir sıra strateji obyektlərin bombardmana məruz qalması və Prezident Nikolas Maduro ilə həyat yoldaşının oğurlanaraq ABŞ-yə aparılması dünyanın gündəm mövzusudur.

Baş verənlərdən sonra əksər ölkələr həm özünü dünyanın hegemonu kimi göstərən ABŞ ilə münasibətlərini, həm də Donald Trampın qəzəbinə tuş gəlmiş Venesuela ilə əlaqələrini müəyyən mənada gözdən keçirməli olacaqlar.

Azərbaycan Respublikası ilə Venesuela Bolivar Respublikası arasında diplomatik münasibətlər 12 may 1995-ci ildə qurulub. 2018-ci ildə Bakıda Venesuela Səfirliyi fəaliyyətə başlayıb.

Siyasi əlaqələrə gəlincə, Azərbaycan XİN-in saytında yer alan məlumata əsasən, iki ölkə prezidentləri arasında ilk görüş 2016-cı il 10 oktyabr tarixində İstanbulda 23-cü Dünya Enerji Konqresi zamanı keçirilib.

2016-cı il 21-22 oktyabr və 2019-cu il 25-26 oktyabr tarixlərində Venesuela Prezidenti Nikolas Maduro Azərbaycanda rəsmi səfərdə olub.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Qoşulmama Hərəkatında sədrliyi 2019-cu ildə Venesueladan təhvil almışdı.

Bundan əlavə, 2022-ci ilin 17 iyununda Nikolas Maduro regiona işgüzar səfəri çərçivəsində Bakıya gəlmiş, lakin Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testi nəticəsinin pozitiv çıxması səbəbindən Prezident İlham Əliyev ilə Venesuela liderinin görüşü videokonfrans formatında gerçəkləşmişdi.

Ötən dövrdə iki ölkənin iqtisadi əlaqələrində elə bir aktivlik nəzərə çarpmayıb. Statistikaya baxsaq, qarşılıqlı ticarət dövriyyəsi 2021-ci ildə 17,8 min, 2022-də 23,8 min, 2023-də cəmi 1,9 min, 2024-də isə 2,6 min dollar təşkil edib. Azərbaycandan Venesuelaya ixrac bərkidici armatur və mebel olub. Bununla belə, hər iki ölkənin neft ixracatçısı olması bu sahədə əməkdaşlıq üçün imkanlar açır. Azərbaycan və Venesuela dövlət neft şirkətləri arasında əldə edilmiş “SWAP” razılaşması (mal mübadiləsi əsasında üçüncü ölkə ilə ticarət) ilə SOCAR 2011-ci ildə Belarusa 5 milyon ton xam neft satıb.

İqtisadi sahə ilə müqayisədə Azərbaycanla Venesuela arasında humanitar (mədəniyyət, ədəbiyyat və s.) əlaqələr daha aktiv nəzərə çarpıb.

Venesuela 2013-cü ildən Bakıda Dünya Mədəniyyətlərarası  Dialoq Forumunda, 2022-ci ildən isə Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunmağa başlayıb. 2020-ci ildə Mədəniyyət Nazirliyində Venesuela səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüşdə hər iki ölkədə keçirilən beynəlxalq mədəniyyət tədbirlərində qarşılıqlı iştirak imkanları müzakirə edilib.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin (2024-cü ilin noyabrında fəaliyyəti dayandırılıb) həyata keçirdiyi layihələr də iki ölkənin mədəni əlaqələrinə töhfə olub. “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Venesuelanın “Papel Literario” qəzetində Əli Kərim, Ramiz Rövşən, Vaqif Bayatlı, Vaqif Səmədoğlu, Musa Yaqub kimi şairlərin ispan dilinə tərcümə edilmiş şeirləri dərc olunub. 2024-cü ilin oktyabrında X Bakı Beynəlxalq Kitab Sərgisində Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Venesuela Səfirliyinin təşkilatçılığı ilə Venesuela şairi Anna Maria Oviedo Palomaresin Azərbaycan dilinə nəşr olunmuş “Söyüd krallığı” kitabının təqdimatı keçirilib. Təqdimat üçün Bakıya gələn müəllif Azərbaycan Milli Kitabxanasının da qonağı olub.

Ötən dövrdə iki ölkənin ali təhsil sahəsində əlaqələri də müzakirə mövzusu olub. O cümlədən 2023-cü ildə Venesuela səfiri ilə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) keçirilən görüşdə bu ölkənin müvafiq ali məktəbləri ilə ATMU arasında onlayn tədbirlərin keçirilməsi qərara alınıb.

2025-ci il mayın 12-də Bakıda Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib. Tədbirin bədii hissəsində Venesuela və Azərbaycan musiqi əsərlərinin yer aldığı konsert proqramı təqdim edilib. Həmçinin yubileylə bağlı Azərbaycan və Venesuela rəssamlarının əsərlərindən ibarət sərgi (13 may) açılıb.

Vüqar Orxan