DAAD 2026-cı ildə də Azərbaycanda aktiv fəaliyyət göstərmək niyyətindədir

Alman Akademik Mübadilə Xidməti (Der Deutsche Akademische Austauschdienst – DAAD) 1925-ci ildə yaradılıb və maliyyə imkanları baxımından dünyada tələbə və tədqiqatçıların beynəlxalq mübadiləsi üzrə ən böyük təşkilatdır.

DAAD-nin üzvləri Almaniyanın ali təhsil müəssisələri və tələbə qurumlarıdır. Büdcəsi əsasən müxtəlif nazirliklər, ilk növbədə Almaniya Federal Xarici İşlər Nazirliyi, eləcə də Avropa İttifaqı və bir sıra təşkilat və xarici hökumətlər üçün federal maliyyədən əldə edilir.

DAAD alman universitetlərinin beynəlmiləlləşməsini dəstəkləyir, xaricdə almanşünaslıq və alman dilini təbliğ edir, inkişaf etməkdə olan ölkələrə effektiv universitetlərin yaradılmasında yardım edir və mədəniyyət, təhsil və inkişaf siyasəti ilə bağlı qərar qəbul edənlərə məsləhətlər  verir.

İndiyədək Almaniyada və xaricdə təxminən 3 milyona yaxın insan DAAD-nin imkanlarından yararlanıb. Maliyyələşdirmə  təklifləri bakalavrlar üçün xaricdə 1 illik təhsildən doktorantura proqramlarınadək, təcrübədən mühazirələrə və məlumat toplama səfərlərinə qədər geniş spektri əhatə edir.

DAAD-nin Azərbaycanda fəaliyyəti 1997-ci ildə başlanıb. 2008-ci ildə DAAD ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi (indiki Elm və Təhsil Nazirliyi) arasında Azərbaycan tələbələrinin Almaniyada təhsili üzrə təqaüd proqramı ilə bağlı saziş imzalanıb. 2004–2020-ci ildə təşkilatın Bakı İnformasiya Mərkəzi (ADNSU-da) fəaliyyət göstərib. Hazırda DAAD-nin Azərbaycan üzrə fəaliyyəti Tbilisidəki (Gürcüstan) Cənubi Qafqaz üzrə Regional Ofis tərəfindən həyata keçirilir. Bundan əlavə, Azərbaycan Dillər Universitetində DAAD mərkəzi və Alman oxu zalı fəaliyyət göstərir. “Azərbaycan DAAD Məzunlar Birliyi” də ictimai təşkilat kimi bu əməkdaşlığa töhfə verir.

DAAD 2026-cı ildə də Azərbaycanda aktiv fəaliyyət göstərmək niyyətindədir.

Bu barədə Bakıda keçirilən DAAD səfirlərinin illik görüşündə söz açılıb.

Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann DAAD məzunlarına illərdir göstərdikləri fəal əməkdaşlığa görə təşəkkürünü bildirib.

Almaniyanın Bakıdakı Səfirliyinin sosial media səhifəsində yayılan məlumata görə, tədbir həmçinin DAAD-nin region üzrə ofisinin yeni rəhbəri xanım Silvia Şmid (Schmid) üçün rəsmi qarşılama imkanı olub və səfir Horlemann onu səmimi şəkildə salamlayıb.

Qeyd olunub ki, bir əsrlik tarixi olan DAAD akademik mübadilə vasitəsilə ölkələr arasında körpülər qurur, bilik və mədəniyyət paylaşımını təşviq edir və insanları bir araya gətirir. Hər il Azərbaycandan yüzlərlə tələbə və mütəxəssis DAAD təqaüdləri ilə Almaniyada təhsil və tədqiqat imkanlarından yararlanır.

“Yeni ildə DAAD, onun səfirləri və Azərbaycan DAAD Məzunlar Birliyi ilə daha sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik!” – deyə səfirliyin məlumatında vurğulanır.

Vüqar Orxan