Tarixdəki olaylar
4 yanvar 1963 – Azərbaycan SSR Ali Soveti Rəyasət Həyətinin fərmanı ilə respublikanın ərazi-inzibati sistemində növbəti dəyişikliklər edilib. Fərmana əsasən, Ağcabədi, Əli Bayramlı (indiki Şirvan), Ağsu, Balakən, Daşkəsən, Cəbrayıl, Dəvəçi, Yevlax, Jdanov (Beyləqan), Zərdab, Qax, Qubadlı, Qutqaşen (Qəbələ), Mirbəşir (Tərtər), Nuxa (Şəki), Puşkin (Biləsuvar), Saatlı, Tovuz, Xaçmaz rayonları, Naxçıvan MSSR-də Ordubad və Şahbuz rayonları, DQMV-də Şuşa rayonu ləğv edilib. Lakin bir il sonra, 1964-cü ilin iyulunda Cəbrayıl, Qubadlı, Puşkin rayonları, 1965-ci ilin yanvarında isə digər rayonlar bərpa olunub.
4 yanvar 2003 – Prezident Heydər Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun rəsmi mətbuatda dərc olunaraq qüvvəyə minib. Qanun ölkə Konstitusiyasına uyğun olaraq Azərbaycan dilinin hüquqi statusunu tənzimləyir.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
4 yanvar 1785 – Alman folklorçusu, filoloq Yakob Qrim (Jacob Ludwig Karl Grimm; 1785 – 20.9.1863) anadan olub. Qardaşı Vilhelm Qrimlə alman nağıllarını toplayaraq nəşr etdirib. Folklorşünaslıqqa mifologiya məktəbinin banilərindən biridir.
4 yanvar 1932 – Görkəmli yazıçı, dramaturq, publisist Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22.2.1869 – 1932) vəfat edib. Nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatına töhfələr verib. 1906 – 1932-ci illərdə (fasilələrlə) nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycan satirik jurnalistikasının əsasını qoyub.
4 yanvar 1934 – Gürcü heykəltaraşı, SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Konstantinoviç Sereteli (1934 – 22.4.2025) anadan olub.
4 yanvar 1946 – Satirik şair, “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndəsi Əli Nəzmi (Əli Məhəmməd oğlu Məmmədzadə; 1878–1946) vəfat edib.
4 yanvar 1946 – Xalq artisti Rafael Məlik oğlu Dadaşov (1946 – 16.3.2020) Zaqatalada doğulub. Milli Dram Teatrının səhnəsində, filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar oynayıb.
4 yanvar 1960 – Fransız yazıçısı, filosof, ədəbiyyat üzrə Nobel mükafatı (1957) laureatı Alber Kamyu (Albert Camus, 7.11.1913 - 1960) avtomobil qəzasında həlak olub. Ekzistensializm fəlsəfəsinin tanınmış nümayəndəsidir. Əsərləri: “Vəba”, “Özgə”, “Sizif haqqında mif”, “Qiyamçı adam”, “Şeytanlar” və s.
4 yanvar 1983 – Tanınmış rəssam İbrahim Səfi (İbrahim Qafar oğlu Səfiyev; 1898–1983) İstanbulda vəfat edib. Naxçıvanda doğulub. Türkiyədə yaşayıb-yaradıb.
4 yanvar 2000 – Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 28.2.1918 – 2000) vəfat edib. Milli Dram Teatrının aktrisası olub. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.
4 yanvar 2021 – Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Ağabala qız Mirməmmədli (23.5.1961 – 2021) vəfat edib.
Hazırladı: Vüqar Orxan























