Milli Məclisin 2025-ci il üzrə son iclasında (30 dekabr) Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
Sənəd konseptual baxımdan mədəni sərvətlərin qorunması sahəsində hüququ müəyyənlik prinsipinin ardıcıl formada həyata keçirilməsini və mövcud hüquqi mexanizmlərin təkmilləşdirilməsini nəzərdə tutur.
Qanun layihəsində mədəni sərvətlərin qorunması ilə bağlı müddəaların dəqiqləşdirilməsi və məsuliyyətin artırılması nəzərdə tutulub. Həmçinin mədəni sərvətlərin korlanması və ya məhv edilməsi əməllərinə görə məsuliyyəti, ziyanın miqdarı və təqsirin formasına görə fərqləndirməyi hədəfləyir.
Dəyişikliklərə əsasən, hüquqi şəxslər də mədəni sərvətləri qəsdən korlama və ya məhv etməyə, habelə mədəni sərvətləri ehtiyatsızlıqdan məhv etməyə görə cinayət-hüquqi məsuliyyətə cəlb edilə biləcəklər. Bundan əlavə, inşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işlərin dayandırılaraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat verilməməsi, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsi inzibati xəta hesab ediləcək.
Həmçinin "Mədəniyyət haqqında" qanuna "mədəni sərvətləri korlama" və "mədəni sərvətləri məhvetmə" anlayışlarının hüquqi tərifləri əlavə olunur. Qanun layihəsində mədəni sərvətlərin mühafizə dərəcəsindən asılı olmayaraq, onların korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan edilir.



















