31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünyadakı soydaşlarımızın ortaq dəyəri olan gün 1991-ci ildə təsis olunub.

 

Tarixdəki olaylar

 

31 dekabr 1812 – Rusiya-İran müharibəsi (1804–1813) gedişində Şimali Azərbaycan torpaqlarında işğalçılıq yürüşünü davam etdirən rus qoşunları Lənkəran xanlığının mərkəzi olan Lənkəran qalasını ələ keçiriblər. Bununla müharibə faktiki başa çatdı. Bir il sonra Gülüstan sülh müqaviləsi (12 oktyabr 1813) ilə Naxçıvan və İrəvan xanlıqlarından savayı Şimali Azərbaycandakı bütün xanlıqlar Rusiyaya birləşdirildi.

 

31 dekabr 1989 – Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədində aksiya keçiriblər. Onilliklərlə bir-birindən ayrı düşmüş şimallı-cənublu azərbaycanlılar Araz çayı üzərində qovuşublar. Bu hadisə Azərbaycan tarixinə milli həmrəylik aksiyası kimi düşdü. İki il sonra Azərbaycan Ali Sovetinin qərarı (25 dekabr 1991-ci il) ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olundu.

 

31 dekabr 1999 – Rusiya Federasiyasının Prezidenti Boris Yeltsin səlahiyyət müddətinin bitməsinə 6 ay qalmış istefa verib. Prezident səlahiyyətləri Rusiyanın Baş naziri Vladimir Putinə keçib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

31 dekabr 1869 – Fransız rəssam və heykəltaraş Anri Matiss (Henri Matisse; 1869 – 3.11.1954) anadan olub.

 

31 dekabr 1907 – Yazıçı Eynulla Xankişi oğlu Ağayev (1907 – 5.11.1978) Bakının Ramana kəndində anadan olub. Əsərləri: “Şişpapaq”, “Dağlarda şimşək çaxır”, “Baba nağılı”, “Teleqram” və s.

 

31 dekabr 1910 – Yazıçı-dramaturq Əbil Yusif (Əbil Məmməd oğlu Yusifov; 1910 – 29.3.1984) Ordubadda anadan olub. Əsərləri: “Babək”, “Odlar içində”, “Səngərdən gələn səslər” və s.

 

31 dekabr 1920 – Əməkdar mədəniyyət işçisi, şair Zeynal Əliabbas oğlu Cabbarzadə (1920 – 20.1.1977) Bakıda doğulub. Uşaq-gənclər üçün kitabların müəllifidir: “Çinar”, “Arzular”, “Dostum, gəl sözə bax”, “Uca dağ başında”, “Bizim dünya” və s.

 

31 dekabr 1924 – Folklorşünas, filologiya elmləri doktoru Vaqif Əli oğlu Vəliyev (1924-1998) Qazax rayonunun Pirili kəndində anadan olub.

 

31 dekabr 1927 – Əməkdar artist, opera müğənnisi Firudin Mehdi oğlu Mehdiyev (1927 – 1.2.2006) anadan olub. 1957-ci ildən Opera və Balet Teatrında çalışıb. Filmlərdə (“Böyük dayaq”, “Gecə qatarında qətl” və s.) çəkilib.

 

31 dekabr 1927 – Xalq rəssamı Rasim Hənifə oğlu Babayev (1927 – 24.4.2007) Bakıda anadan olub. “Daşkəsən”, “Sumqayıt”, “Qobustan”, “Xınalıq” linoqravüra silsilələrinin, kitab qrafikası üzrə əsərlərin müəllifidir.

 

31 dekabr 1928 – Rejissor Rauf Mirmahmud oğlu Kazımovski (1928 – 2.3.1976) Bakıda doğulub. Çoxsaylı radio və televiziya tamaşalarına, bədii televiziya filmlərinə (“Poçt qutusu”) quruluş verib.

 

31 dekabr 1928 – Rəssam Rasim Həşim oğlu Xələfov (1928 – 23.4.2010) anadan olub. Dekorativ-tətbiqi və monumental işlərin, Bakı metrosunun “Gənclik”, “Qara Qarayev” stansiyalarının, Bakı Dövlət Sirkinin bədii tərtibatının müəllifidir.

 

31 dekabr 1932 – Şair Bəhmən Vətənoğlu (Bəhmən Kalış oğlu Abbasov; 1932–2004) Kəlbəcər rayonunun Seyidlər kəndində anadan olub.

 

31 dekabr 1934 – Böyük yazıçı-dramaturq, şair, ssenarist, rejissor, Əməkdar incəsənət xadimi Cəfər Qafar oğlu Cabbarlı (20.3.1899 – 1934) vəfat edib. Milli dramaturgiyanın inkişafında yeni mərhələnin təməlini qoyub, milli kinoda ilk ssenarilərin (“Hacı Qara”, “Sevil”, “Almaz”) müəllifidir.

 

31 dekabr 1935 – Ədəbiyyatşünas, mətnşünas alim Ofeliya Əşrəf qızı Bayramlı (1935–2006) anadan olub.

Hazırladı: Vüqar Orxan