Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2024-cü ildə ölkə üzrə vahid Elektron Sənəd Dövriyyəsi sisteminə qoşulub. Bu istiqamətdə işlər necə gedir?
Dekabrın 29-da AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin təşkilatçılığı ilə arxiv sənədlərinin rəqəmsallaşdırılmasına həsr olunmuş tədbir keçirilib.
Bu barədə AMEA-dan məlumat verilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirdə çıxış edərək Rəyasət Heyəti aparatının və müəssisələrin 2024-cü ildə ölkə üzrə vahid Elektron Sənəd Dövriyyəsi sisteminə qoşulduğunu diqqətə çatdırıb. AMEA-da elektron kitabxana qurulması istiqamətində işlərin genişləndirildiyi, Rəyasət Heyəti aparatının Rəqəmsal akademiya, süni intellekt və elektron xidmətlər şöbəsi tərəfindən alimlərin elmmetrik göstəricilərinin də elektronlaşdırıldığı, akademik sosial şəbəkələrdə onların profillərinin yaradıldığı vurğulanıb.
Atılan addımların tərkib hissəsi kimi son dövrlərdə elektron arxivin qurulması işlərinin də həyata keçirildiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın arxivi ölkəmizin intellektual potensialını əks etdirir və XX əsrdə Azərbaycanın bir çox parlaq simaları, ziyalıları, dövlət xadimləri burada çalışmış, zəngin irs qoymuşlar. Hazırda arxivinin fondları AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru Zemfira Hacıyevanın rəhbərliyi ilə yeni standartlara uyğun qurulur və qarşıdakı hədəfdə bu sənədlərin elektronlaşdırılması dayanır. AMEA rəhbəri bu istiqamətdə işlərin Milli Arxiv İdarəsinin dəstəyi ilə həyata keçirildiyini, idarənin əməkdaşları tərəfindən Elmi irs şöbəsinin əməkdaşlarına təlimlərin keçirildiyini deyib.
AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru Zemfira Hacıyeva ötən illər ərzində arxiv quruculuğu istiqamətində görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, bu müddət ərzində ilk dəfə olaraq Akademiya prezidentlərinin şəxsi fondları yaradılıb, arxiv materialları əsasında 20-yə yaxın kitab çap olunub. İstifadəyə verilmiş ElarScan avadanlığı arxiv sənədlərinin rəqəmsallaşdırılması işini sürətləndirdiyini söyləyən Zemfira Hacıyeva Akademiyanın elmi müəssisə və təşkilatlarında da arxiv işinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov Azərbaycanda arxiv işinin tarixi barədə danışıb. O, Vahid Elektron Arxiv Məlumat Sisteminin əsasnaməsinin təsdiq olunduqdan sonra istifadəyə veriləcəyini, AMEA-nın arxivində skan olunan sənədlərin də Vahid Elektron Arxiv Məlumat Sisteminə yerləşdiriləcəyini diqqətə çatdırıb.
Mərkəzi Elmi Kitabxananın direktoru Hüseyn Hüseynov, AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin baş mütəxəssisi Ramin Həsənov da görülən işlər barədə ətraflı məlumat veriblər.
Sonda akademik İsa Həbibbəyli arxiv sənədlərinin rəqəmsallaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.





















