Tarixdəki olaylar
30 dekabr 1922 – Moskvada I Ümumittifaq Sovetlər Qurultayında Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaradıldığı elan edilib. İttifaq RSFSR, Ukrayna SSR, Belarusiya SSR və ZSFSR-in (Azərbaycan, Ermənistan və Gürcüstan SSR) təsisçiliyi ilə yaradılmışdı. SSRİ-nin ali idarətemə orqanı – Mərkəzi İcraiyyə Komitəsində (sədr Mixail Kalinin) “Zaqfederasiya”nı Nəriman Nərimanov təmsil edirdi.
30 dekabr 1989 – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Gəncə şəhərinin tarixi adı bərpa olunub. Gəncə xanlığı çar Rusiyası tərəfindən işğal (1804) olunandan sonra şəhər Yelizavetpol adlandırılmışdı. 1918-ci ildə Gəncə adı bərpa edilsə də, 1935-ci ildə şəhərin adı yenə dəyişdirilərək Kirovabad olmuşdu.
30 dekabr 1991 – Səudiyyə Ərəbistanı Krallığı, Banqladeş və Finlandiya Azərbaycanın müstəqilliyini tanıyıb. Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətləri 1992-ci il fevralın 24-də, Banqladeş ilə 1992-ci il fevralın 26-da, Finlandiya ilə 1992-ci il martın 14-də quruldu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
30 dekabr 1865 – İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1907) laureatı Redyard Kiplinq (Joseph Rudyard Kipling; 1865 – 18.1.1936) Bombeydə (Hindistan) doğulub.
30 dekabr 1903 – Əməkdar incəsənət xadimi, Azərbaycan kinosunun ilk rejissorlarından olan Mikayıl Yusif oğlu Mikayılov (1903 – 24.6.1986) Bakıda doğulub. “Lətif” (1930), “İsmət” (1934) və s. bədii filmlərə quruluş verib, sənədli filmlər çəkib.
30 dekabr 1926 – Xalq artisti, tanınmış xanəndə Əbülfət Əsəd oğlu Əliyev (1926 – 27.12.1990) Şuşada doğulub. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Şah İsmayıl” və s.) əsas rolları ifa edib.
30 dekabr 1937 – Xalq artisti, müğənni Rauf Yusif oğlu Babayev (1937 – 27.3.2020) anadan olub. 1960-70-ci illərdə “Qaya” kvartetinin solisti,. 2001-ci ildən “Qaya” Dövlət Ansamblının bədii rəhbəri olub.
30 dekabr 2017 – Xalq artisti, tanınmış pianoçu Çingiz Hacı oğlu Sadıxov (5.4.1929 – 2017) vəfat edib. Filarmoniyanın solisti, “Azkonsert”in bədii rəhbəri olub. 1994-cü ildən ABŞ-də yaşayıb. Bakıda dəfn olunub.
Hazırladı: Vüqar Orxan























