Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının “Musiqi məbədi Şuşa” kitabı işıq üzü görüb. Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəfis şəkildə nəşr olunan kitab Üzeyir Hacıbəylinin 140 illiyinə ithaf edilib.
Dekabrın 26-da “İrsimizin Tətbiqi və Təbliği” İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə kitabın təqdimat mərasiminə həsr olunmuş “Şuşa musiqidə” adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbir Vətən uğrunda şəhid olanların əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlanıb.
Sonra nümayiş olunan videoçarxda Ulu öndər Heydər Əliyevin “Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz anlayışdır!”, Prezident, Ali Baş Komandan İlham Əliyevin “Əziz Şuşa sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” kəlamları və Xan Şuşinskinin “Şuşanın dağları” xalq mahnısı alqışlarla qarşılanıb.
“Musiqi məbədi Şuşa” kitabı Qafqazın konservatoriyası, poeziya və musiqi beşiyi olan müqəddəs Şuşamızın musiqi həyatından, burada boya-başa çatan sənətkarlardan, bəstəkarların Şuşaya həsr olunan musiqi əsərlərindən bəhs edir.
Nəşrin hazırlanmasında Əməkdar jurnalist, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevin rolu böyükdür. Məhz Vasif müəllimin fikirlərinə, tövsiyələrinə istinadən Səadət Təhmirazqızı Şuşa mövzusuna müraciət edərək bu kitabı ərsəyə gətirib.
Rəyçilər sənətşünaslıq üzrə elmlər doktoru, dosent, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Leyla Zöhrabova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov, redaktorlar sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva və bu sətirlərin müəllifidir.
Kitab “Şuşanın musiqi mədəniyyətinə bir nəzər”, “Şuşa musiqidə”, “Şuşa xalq musiqisində”, “Şuşa professional musiqidə”, “Şuşalı musiqiçilər”, “Şuşada musiqi müjdələri”, “Şuşada tanınmış ziyalılara minnətdarlıq hissi ilə” bölmələrindən ibarətdir.
Bu bölmələrdə Qarabağ muğam məclisləri, Şuşada musiqi tədrisi ilə bağlı Niyazi, Bülbülcan adına, Quşçular, Xəlfəli, Turşsu, Malıbəyli kənd uşaq musiqi məktəbləri, Şuşa Humanitar Kolleci, M.M.Nəvvab adına Şuşa Musiqi Texnikumu, Şuşadan ucalan səslər, Şuşada musiqili teatrın yaranması və fəaliyyəti işıqlandırılıb. Həmçinin kitabda Şuşada yaranan muğam, mahnı, rəng və rəqslər öz əksini tapıb. Bəstəkarlarımızın gözəl Şuşaya, onun əsrarəngiz təbiətinə həsr etdikləri əsərlərin, mahnıların not yazıları və təhlilləri də kitabda verilib. Şuşalı musiqiçilər bölməsində şuşalı incəsənət xadimlərinin nəsil şəcərələri ensiklopedik formatda təqdim edilib.
Təqdimat axşamında sənətşünaslıq üzrə elmlər doktoru Leyla Zöhrabova kitabın əhəmiyyətindən söz açıb.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxışında müəllifə minnətdarlığını bildirərək, kitabın musiqi ictimaiyyəti üçün böyük töhfə olduğunu və onun Şuşada da təqdimatının keçirilməsini vacibliyini vurğulayıb.
Kitabda yer alan Şuşa haqqında mahnıların bəziləri tədbirdə səslənib.
Əməkdar incəsənət xadimi Oqtay Rəcəbovun “Şuşa” (söz: Rəfiq Zəka Xəndan; ifa: Əməkdar artist Gülüstan Əliyeva), Xalq artisti Emin Sabitoğlunun “Şuşanı qar gördüm” (söz: Səyavuş Məmmədzadə; ifa: ADMİU-nun “Estrada sənəti” kafedrasının I kurs tələbəsi Selcan Rəfili (Əməkdar müəllim, professor Məryəm Babayevanın sinfi); konsertmeyster: Əməkdar artist Fəridə Hüseynova), Xalq artisti Səid Rüstəmovun “Gözəl Şuşa” (söz: M.Məntiq; ifa: AMK-nın tələbəsi Turan Səfərli (Əməkdar artist Zemfira İsmayılovanın sinfi); müşayiət: Rəhimə Qurbanova), Xalq artisti Vasif Adıgözəlovun “Şuşam lay-lay” (söz: Vüqar Əbdülov: ifa: Leyla Rəhimova; müşayiət: beynəlxalq müsabiqələr laureatı Sevda Məmmədli), Əməkdar artist Elza Seyidcahanın “Şuşam” (söz: Mahirə Nağıqızı: ifa: müəllif), Rüfət Ramazanovun “Gözəl Şuşa” (söz: Səadət Təhmirazqızı; ifa: Rasimə Seyidcahan; müşayiət: beynəlxalq müsabiqələr laureatı Lalə Xəlilli), İlahə Qismətin “Xarıbülbül” kompozisiyası (ifa edir: balabançalanlar ansamblı; müəllim: Əməkdar artist İlham Nəcəfov), Könül Hüseynovanın “Şuşam mənim” (söz: Vahid Əziz; ifa: Xalq artisti Fidan Hacıyeva; müşayiət: müəllif), Aytən İsmixanovanın “Şuşa evinə qayıtdı” (söz: Aytən İsmixanova; ifa: C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin “Renessans” kollektivi) əsərləri təqdimat axşamının musiqi çələngi olub.
Əminik ki, Şuşaya həsr olunan yeni nəşrlər, monoqrafiyalar öz yolunu gözləyir. Hələ neçə-neçə belə kitab işıq üzü görəcək və musiqi ictimaiyyətimizə, musiqi mədəniyyətimizə dəyərli töhfə olacaq.
Fidan Nəsirova-Əhmədova
Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi






















