Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə muğam ustadı, Xalq artisti Ağaxan Abdullayevin (1950-2016) 75 illik yubileyinə həsr olunmuş "Muğam bir xəzinədir" adlı tədbir keçirilib.
Ağaxan Abdullayev adına Türkan qəsəbə Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rəsmilər, Xalq artistinin ailə üzvləri, sənət yoldaşları, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Ağaxan Abdullayevin oğlu Xoşbəxt Abdullayev, Əməkdar artist İsmayıl Həmidov, bədii qiraətçi Cəbrayıl Qənbər, Azərbaycan Rəssamlar İttifaqının üzvü Əbdüləmi Əliyev, Mədəniyyət Mərkəzinin direktoru Mehriban Qurbanova çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, muğam sənətimizin inkişafında, neçə-neçə tanınan muğam ifaçısının yetişməsində Ağaxan Abdullayevin mühüm rolu olub. Ağaxan Abdullayev Azərbaycan muğamlarını həm ölkəmizdə, həm də xaricdə layiqincə təbliğ edib.
Bədii hissədə Əməkdar artist İsmayıl Həmidov, Televiziya Muğam Müsabiqəsinin (2022) qalibi Vüqar Əbilov, Ağaxan Abdullayevin övladları Orxan Abdullayev, Hikmət Abdullayev, qardaşı oğlanları Bəylər Abdullayev, Xanlar Abdullayev, Muradxan Abdullayev çıxış ediblər.
Tədbir iştirakçıları sonda Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin rəhbəri Əbdüləmi Əliyevin əsərlərindən ibarət sərgi ilə tanış olublar.
























