Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev "Konstitusiya və Suverenlik İli" çərçivəsində Astara rayonunun Yalçın Nəsirov adına Sərək kənd tam orta ümumtəhsil məktəbinin yuxarı sinif şagirdləri ilə görüş keçirib.

“Yeni dövrün Azərbaycanı" mövzulu tədbir Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə təşkil olunub.

BSU-dan bildirilib ki, görüş zamanı rektor Anar Nağıyev Azərbaycanın müasir inkişaf yolunda Konstitusiyanın, dövlətçilik ənənələrinin və suverenliyin rolundan danışıb. Qeyd olunub ki, Konstitusiya ölkənin hüquqi, siyasi və ictimai həyatının əsasını təşkil edir və hər bir vətəndaşın hüquq və vəzifələrini müəyyənləşdirir.

A.Nağıyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın xilasının və davamlı inkişafının başlanğıcı olub. Atəşkəs haqqında razılığın əldə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması və ilk milli Konstitusiyanın qəbul edilməsi ölkədə sabitliyin, iqtisadi inkişafın və hüquqi dövlət quruculuğunun əsasını qoyub.

O, çıxışında şəhidlərin, o cümlədən məktəbin adını daşıyan Milli Qəhrəman Yalçın Nəsirovun timsalında dövlətçiliyin qorunması uğrunda canından keçən gənclərin tarixi xidmətlərini vurğulayıb.

Rektor A.Nağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini, Qarabağ və Şərqi Zəngəzurun yeni inkişaf mərhələsinə daxil olduğunu diqqətə çatdırıb. O, yeni dövrdə gənclərin üzərinə daha böyük məsuliyyət düşdüyünü vurğulayaraq onların sağlam düşüncəli, milli-mənəvi dəyərlərə sadiq və dövlətçilik təfəkkürünə malik vətəndaşlar kimi yetişməsinin vacibliyini qeyd edib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin sektor müdiri Xədicə Əliyeva bu cür tədbirlərin əhəmiyyətindən bəhs edərək, bölgə üzrə şagirdlərin ali təhsil müəssisələrinə qəbul göstəricilərini diqqətə çatdırıb.

Məktəbin direktoru Nuranə Həmidova tədris mühiti və həyata keçirilən layihələr barədə məlumat verib.