Dekabrın 27-də Azərbaycan Dövlət Kukla Teatrında məktəblilərin qış tətili və Yeni il bayramı münasibətilə hazırlanan “Qış nağılı” adlı səhnə əsərinin premyerası keçirilib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, ənənəyə sadiq qalaraq, bu dəfə də ilk tamaşaçılar Vətən müharibəsi şəhid və qazilərinin övladları, eləcə də fiziki məhdudiyyətli uşaq və yeniyetmələr olub.
Nağıl aləminə səyahətə çıxan uşaqlar bu dəfə yalnız izləyici yox, həm də səhnənin bir parçasına çevrilirlər.
İnteraktiv şəkildə təqdim olunan birhissəli tamaşanın komik və əyləncəli hadisələr fonunda maraqlı süjet xətti var: uşaqlar bir araya gələrək Şaxta babaya özəl bir hədiyyə – sevdikləri sehrli nağılların toplandığı bir kitab təqdim etmək istəyirlər. Lakin bu niyyətlərindən xəbər tutan Cadugər kitabı oğurlayır və nağılların süjetini dəyişdirir. Nəticədə hamımıza tanış nağıl qəhrəmanları – Cırtdan, Məlikməmməd, Tıq-tıq xanım, Göyçək Fatma, Div, Hadı, Bıdı və başqaları tamam fərqli rollarda və vəziyyətlərdə görünürlər. Amma Şaxta baba və uşaqlar birlikdə bu hiylənin qarşısını alır, nağılları əvvəlki halına qaytarırlar. Peşman olan Cadugər bağışlanır və bayram şənliyinə qoşulur.
Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru Anar Məmmədov, səhnə tərtibatçısı isə baş rəssam İqbal Əliyevdir.
Tamaşadan sonra uşaqlara teatrın hazırladığı bayram hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının bayram repertuarı dekabrın 27-dən yanvarın 4-dək davam edəcək. Tamaşalar hər gün 12:00, 14:00, 16:00 və 18:00 saatlarında nümayiş olunacaq.


























