Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyi münasibətilə dekabrın 26-da "Qazax" Xeyriyyə İctimai Birliyinin və Səməd Vurğunun Ev-Muzeyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Bu barədə muzeydən məlumat verilib.

Tədbirdən öncə Fəxri xiyabanda Xalq yazıçısı Yusif Səmədoğlunun, eləcə də Xalq şairləri Səməd Vurğunun və Vaqif Səmədoğlunun məzarları ziyarət edilib.

Səməd Vurğunun Ev-Muzeyində keçirilən tədbiri giriş sözü ilə Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, vaxtilə Yusif Səmədoğlunun rəhbərlik etdiyi “Ulduz” jurnalı redaksiyasında çalışmış Məti Osmanoğlu açıb. O, yazıçının həyat və yaradıcılığından bəhs edib, ədəbiyyatımıza verdiyi töhfələrdən danışıb.

Daha sonra Azərbaycanda Atatürk Mərkəzinin sədri akademik Nizami Cəfərov, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, professor, “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov, yazıçı, AYB-nin Ədəbiyyat Fondunun direktoru Varis Yolçiyev, AYB-nin Poeziya bölməsinin rəhbəri İbrahim İlyaslı, şair, “Ulduz” jurnalının əməkdaşı Taleh Mənsur çıxış ediblər.

Xalq yazıçısı İsa Muğannanın nəticəsi gənc yazar Səma Muğanna Yusif Səmədoğlunun “Qətl günü” romanından bir parçanı qiraət edib.

Tədbirin bədii hissəsində aşıq Şahin saz havaları ifa edib.