Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xoru dekabrın 26-da Qubada konsert proqramı ilə çıxış edib.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bədii kollektivlərin ölkədaxili qastrol səfərləri çərçivəsində Quba rayon Mədəniyyət Mərkəzində keçirilən konsert Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunub.

Dahi bəstəkarın yubileyi münasibətilə təşkil olunan qastrolların məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə gənclərin asudə vaxtının səmərəli təşkili, həmçinin yerli yaradıcı kollektivlərlə qarşılıqlı ünsiyyət və təcrübə mübadiləsinin gücləndirilməsidir.

BMM-nin Cahangir Cahangirov adına Xoru qubalı musiqisevərlər qarşısında zəngin proqramla çıxış edib, o cümlədən xalq mahnıları və Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış mahnılar səsləndiriblər. Xorun bədii rəhbəri Əməkdar müəllim Təranə Yusifovadır.