Dövlət Uşaq Filarmoniyası dekabrın 26-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş möhtəşəm konsert proqramı ilə 2025-ci ilə yekun vurub.
Bu, nağılların gerçək olduğu, arzuların pıçıldandığı, gülüşlərin hər yeri işıqlandırdığı xüsusi bir bayramdır. Bu sehrli gecədə bir-birindən maraqlı rəqslər, yeni il səhnəcikləri, bayram ab-havalı mahnılar zalda əyləşən tamaşaçıları Yeni il səyahətinə apardı. Səhnə dekorasiyası, iştirakçıların geyimləri bir-biri ilə harmoniyada görünürdü.
Bu barədə Dövlət Uşaq Filarmoniyasından verilən məlumatda bildirilir.
“Yeni il səyahəti” adlı proqramda uşaq folklor mahnı və rəqs ansamblı (bədi rəhbərlər Zeynalova Nigar, Quliyev Məhəmməd, müəllimlər Cigərxanov Zeynal, Təhməzova Günel, Xəlilov Seyran), uşaq kamera orkestri – nəfəsli alətlər qrupu (bədii rəhbər Mehdizadə Sərvan), “Şəms” uşaq xoru (bədii rəhbər Muradzadə Leyla) və 24 nömrəli onbirillik musiqi məktəbinin birləşmiş xoru (xormeyster Vəliməmmədova Afaq), “Səda” uşaq xoru (bədii rəhbər Mehdizadə Aysel), vokal sinfi (müəllim Aslanova Leyla), gimnastlar qrupu (müəllim Cəlilova Səbinə), “Musiqili uşaq teatrı” (müəllim Əliyev Nəsimi), Dövlət Uşaq Filarmoniyasının solistləri (piano – Nurəliyeva Mədinə, violin – Məmmədli Əsma, Terequlova Amira) bir-birindən parlaq, rəngarəng çıxışları ilə tamaşaçılara əsl bayram əhvalı yaşadıblar.
Bayram konsertinin xüsusilə yaddaqalan hadisəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın uşaqların sevincini bölüşməsi olub. Proqramı maraqla izləyən Leyla Əliyeva kollektivlə xatirə şəkli də çəkdirib.
Konsertin baş rejissoru Günay Səttarova, rejissoru Nəsimi Əliyev, rəssamı Səriyyə Teymurovadır.
Bu cür tədbirlər uşaqların yaradıcılığını, özünə inamını artırmaqla yanaşı, onların yaddaşında xoş xatirələr yaradır. Yeni il bayramı isə bu xatirələrin parlaq və sehrli səhifələrindən biri kimi uzun müddət uşaqların qəlbində yaşayır.



























