Prezident İlham Əliyevin 2007-ci il 19 dekabr tarixli Sərəncamı ilə "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun (Ağstafa rayonu) yaradılmasından 18 il ötür.

Bu münasibətlə "Mədəni irsimiz Keşikçidağ" bələdçi jurnalının, "Keşikçidağ mağaralar kompleksi" adlı diskin təqdimatı və qoruğun "keshikchidagh-heritage.az" saytının, eləcə də sosial şəbəkə səhifələrinin yenilənmiş versiyasının təqdimatı keçirilib.

Qoruqdan verilən məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşən tədbirdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin, AMEA Arxeologiya və Antropologiya İnstitutunun, "Avey",  "Qədim Şəmkir Şəhəri" tarix-mədəniyyət qoruqlarının, Qazax Müəllimlər Seminariyası – ADA Universiteti Qazax Mərkəzinin əməkdaşları, BDU-nun Qazax Filialının müəllimləri, ziyalılar, media nümayəndələri iştirak ediblər.

Tədbir "Mədəni irsimiz Keşikçidağ" bələdçi jurnalının və "Keşikçidağ mağaralar kompleksi" diskin təqdimatı ilə başlanıb.

"Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev tədbir iştirakçılarını salamlayıb.

Sonra söz Ağstafa Rayon İcra Hakimiyyətinin  başçısı Seymur Orucova verilib. İcra başçısı qoruğun təşkil etdiyi tədbirlərdən bəhs edib, qoruq ərazisindəki tarixi irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərin önəmini vurğulayıb. 

Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru  Şamil Nəcəfov, institutun böyük elmi işçisi, arxeoloq Lola Hüseynova, elmi işçi, antropoloq Ülkər Allahverdiyeva Keşikçidağ kurqanlar vadisində aparılmış arxeoloji qazıntı işlərinin nəticələrindən bəhs ediblər.

BDU-nun Qazax Filialının baş müəllimi, Əməkdar müəllim İndira Səmədova, BDU-nun  dosenti, filologiya elmləri doktoru Valeh Nəsibov, ADA Universiteti Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşlü, müstəqil tədqiqatçı Faiq Nəsibov, tanınmış  ziyalı və müəllim Məzahir Qocayev "Keşikçidağ" qoruğunun qədim tarixi-mədəni irs məkanı kimi əhəmiyyətindən söz açıb, bu zəmində elm və təhsil müəssisələri ilə birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Sonra qoruq əməkdaşları tarixi abidələrin foto-slaydlarının nümayişi fonunda 18 illik fəaliyyət çərçivəsində görülən işlərdən bəhs ediblər.

Tədbir bədii hissə ilə davam edib.