Akademik Opera və Balet Teatrı dünya balet sənətinin ən məşhur incilərindən olan Pyotr Çaykovskinin əsrarəngiz "Qu gölü" baletini Heydər Əliyev Sarayının səhnəsində təqdim edib.
3 pərdədən və 4 şəkildən ibarət tamaşada Azərbaycan və Belarus balet artistləri çıxış ediblər.
Bu barədə teatrdan məlumat verilib.
Tamaşada Odetta - Odiliya obrazını Belarusun Əməkdar artisti, Nitsa teatrının (Fransa) aparıcı solisti Yekaterina Oleynik, Ziqfrid obrazını Belarusun Böyük Teatrının aparıcı solisti Konstantin Beloxvostik ifa edib.
Digər obrazlarda Azərbaycan artistləri çıxış ediblər.
Rotbart – Ağamir Mirzəyev, Təlxək – Mir Aydın Abdullayev, Pa-de-trua – Ayan Eyvazova, Liana Praqa, Timur Oduşev, balaca qu quşları – Yuliya Ferştandt, Leyla Narimanidze, Səbinə Hacıdadaş, Dinara Məmmədova, böyük qu quşları – Əməkdar artist Elmira Süleymanova, Liana Praqa, Səbinə Məmmədova, hökmlü şahzadə qadın – Larisa Semyonova, hami – İqor Kuznetsov.
Səhnə əsərinin quruluşçu baletmeysterləri Marius Petipa, Lev İvanov, redaksiyası isə Aleksandr Qorski və Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Qəmər Almaszadəyə aiddir.
Repetitorlar Xalq artistləri Mədinə Əliyeva, Gülağası Mirzəyev, Əməkdar artist Yuri Lobaçevdir. Dirijor Xalq artisti Cavanşir Cəfərov, konsertmeyster Züleyxa Usubova, səhnə tərtibatçısı Əməkdar rəssam Ənvər Almaszadədir.
























