Dekabrın 24-ü Azərbaycan teatrı tarixində sözün əsl mənasında mühüm bir gün oldu. 143 il əvvəl İrəvanda əsası qoyulmuş İrəvan Dövlət Azərbaycan Dram Teatrının Bakıda yeni binasının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirildi. Teatr kollektivinin uzun illər gözlədiyi bu hadisə təkcə bayram olmayıb, eyni zamanda yaddaşın və mədəni əzmkarlığın rəmzinə çevrilib.

Bu barədə teatrın direktoru vəzifəsini müvəqqəti icra edən Zivər Abbasova jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, xüsusi qürur doğuran məqam ondan ibarətdir ki, məhz bu teatr İrəvan adını yaşadan və daşıyan hələlik yeganə mədəni ocaqdır.

“Teatr 1989-cu ildən etibarən Bakıda fəaliyyətini davam etdirir, daim dövlətin qayğı və dəstəyini hiss edir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə teatra göstərilən diqqət və qayğı xüsusilə əhəmiyyətli olub. Yeni binanın istismara verilməsi bu siyasətin ən yüksək səviyyədə ardıcıl şəkildə davam etdirildiyinin əyani təsdiqidir”, – deyə Zivər Abbasova vurğulayıb.

O, həmçinin xatırladıb ki, İrəvan sadəcə bir şəhər, xəritədə adi bir nöqtə deyil. Bu, xalqımızın, onun ruhunun və irsinin yaddaşıdır: “Bu yaddaşın, kimliyin, köklərin və folklorun qorunub saxlanılmasının ən təsirli vasitələrindən biri teatrdır. Əminəm ki, İrəvan teatrının səhnəsi bundan sonra da tamaşaçılara milli dəyərlərimizi təcəssüm etdirən əsərləri, həmçinin Azərbaycan və dünya dramaturgiyasının ən yaxşı nümunələrini layiqli səviyyədə təqdim edəcək, gənc nəslə mənəvi və əxlaqi dəyərləri aşılayacaq”.

Zivər Abbasova teatr kollektivi adından Prezident İlham Əliyevə bu sevinci yaşamaq imkanı yaratdığı üçün dərin minnətdarlığını bildirib. Qeyd edib ki, bu hadisə təkcə İrəvan teatrının kollektivi üçün deyil, ümumilikdə Azərbaycanın  teatr ictimaiyyəti üçün mühüm əhəmiyyət daşıyır.

***

Truppalar şəklində fəaliyyət göstərən İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1928-ci ildə dövlət statusu alıb, 1949-cu ildə isə bağlanıb. 1952-ci ilə qədər Basarkeçər rayonunda fəaliyyətini davam etdirmiş, daha sonra yenidən fəaliyyətini dayandırıb. 1967-ci ildə teatr təntənəli şəkildə bərpa olunub. 1988-ci ilin sonu – 1989-cu ilin əvvəllərindən etibarən isə kollektiv yenidən çətin dövrlərlə üzləşib.

Bunu isə teatr tariximizin tədqiqatçısı, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli deyib.

Onun sözlərinə görə, uzun illər ərzində bu teatrın və kollektivin ayrıca binası olmayıb. “Bina əsaslı şəkildə və yüksək zövqlə təmir edilib. Teatr müasir texniki avadanlıqlarla təchiz olunub, həm böyük, həm də kiçik zal mövcuddur. Bu şərait teatrın zəngin və əlvan repertuarla çıxış etməsi üçün hər cür imkan yaradır. Şadam ki, Xankəndi, Şuşa, Füzuli və Ağdamda dövlət teatrları yenidən pərdələrini tamaşaçıların üzünə açacaq. Bu teatrın digər teatrlardan əsas fərqi onun missiyasıdır. İlkin dövrdə daşıdığı adı belə sübut edir ki, Azərbaycan mədəniyyəti yalnız bugünkü sərhədlər daxilində deyil, ondan çox-çox uzaqlarda da mövcud olub və bu mədəniyyətin tarixi minilliklərlə ölçülür”, - deyə İ.Rəhimli əlavə edib.