Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüş keçirilib.
ATMU-dan bildirilib ki, söhbət zamanı Azərbaycan-İsrail münasibətlərindən, xüsusilə təhsil, turizm, qonaqpərvərlik və innovasiya sahələrində əməkdaşlıq imkanlarından bəhs olunub. İki ölkənin ali təhsil müəssisələri arasında birgə layihələrin icrası, tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, eləcə də turizm sahəsində təcrübə və bilik mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Rektor İlham Mədətov ATMU-nun ölkəmizdə turizm və qonaqpərvərlik sahəsində ixtisaslaşmış aparıcı ali təhsil müəssisəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, bir neçə il əvvəl universitetin tələbələri İsraildə ixtisas üzrə təcrübə proqramlarında iştirak ediblər və bu təcrübə həm tələbələrimiz, həm də universitetimiz üçün çox faydalı olub: "Biz gələcəkdə də belə imkanları genişləndirmək, tələbələrimizin beynəlxalq səviyyədə təcrübə qazanmasını təmin etmək istəyirik. İsrailin zəngin təhsil və turizm təcrübəsi bu əməkdaşlığın inkişafında böyük rol oynaya bilər”.
Rektor əlavə edib ki, ATMU beynəlxalq standartlara uyğun tədris mühiti yaradıb və xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi universitetin strateji prioritetlərindən biridir.
Səfir Ronen Krausz səmimi qəbula görə təşəkkürünü bildirərək Azərbaycan ilə İsrail arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, təhsil sahəsində əməkdaşlıq iki ölkə arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır: “Gəlişimizin məqsədi ATMU ilə əməkdaşlıq imkanlarını ətraflı müzakirə etməkdir. İsrail universitetləri ilə birgə layihələr həyata keçirmək, tələbələr və müəllimlər üçün təcrübə mübadiləsi proqramlarını genişləndirmək tələbələrinizə yalnız bilik deyil, həm də praktik bacarıqlar qazandıracaq, eyni zamanda iki ölkənin mədəni və elmi əlaqələrini daha da gücləndirəcək”.
Görüşdə səfiri diplomatik missiya rəhbərinin müavini Aviv Zell və ictimai əlaqələr üzrə müşavir Məleykə Hacıyeva müşayiət edib.
ATMU-nun strateji inkişaf üzrə prorektoru Araz Aslanlı, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova görüşdə iştirak ediblər.





















