Tarixdəki olaylar
27 dekabr 1805 – Qarabağ və Şəki xanlıqlarını ələ keçirəndən (may 1805) sonra Şirvan xanlığı üzərinə yürüşə başlayan rus qoşunları Şamaxı şəhərinə daxil olub. Şirvan xanlığı çar Rusiyasına birləşdirilib.
27 dekabr 1932 – SSRİ-də məcburi pasport sistemi və yaşayış yeri üzrə qeydiyyat rejiminə keçid elan edilib. Sovetləşmədən sonra bolşeviklər ölkə daxilində pasportları (pasport yalnız xaricə səfərlər üçün verilirdi) çarizmin qalığı elan edərək ləğv etmişdilər. Lakin tezliklə insanların sərbəst hərəkətinin sovet idarəçilik rejimi ilə ziddiyyət təşkil etdiyi üzə çıxdı. SSRİ Xalq Komissarları Sovetinin qəbul etdiyi qərara əsasən, pasport və yaşayış yeri üzrə məcburi qeydiyyat rejimini pozanlara qarşı inzibati, hətta cinayət məsuliyyəti tətbiq olunmağa başlandı.
27 dekabr 1939 –Türkiyənin Ərzincan vilayətində 7,9 bal gücündə zəlzələ baş verib. Sivas və Samsun vilayətlərində də böyük dağıntılara səbəb olan zəlzələ nəticəsində, rəsmi məlumatlara görə, 33 minə yaxın insan həlak olub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
27 dekabr 1901 – Alman aktrisası, müğənni Marlen Ditrix (Marlene Dietrich – Marie Magdalene Dietrich; 1901 – 6.5.1992) anadan olub.
27 dekabr 1912 – Əməkdar incəsənət xadimi, kinorejissor Zeynəb Talıb qızı Kazımova (1912 – 25.9.1984) anadan olub. “Azərbaycanfilm”də bədii filmlərin 2-ci rejissoru olub, sənədli filmlərə quruluş verib.
27 dekabr 1932 – Xalq artisti, bəstəkar Oqtay Kazımi (Oqtay Məmməd oğlu Kazımov; 1932 – 9.8.2010) Astara şəhərində doğulub. 200-dək mahnının, tamaşalara musiqinin, simfoniya, oratoriya və s. əsərlərin müəllifidir.
27 dekabr 1934 – Xalq rəssamı, heykəltaraş, Dövlət mükafatları laureatı İbrahim İsmayıl oğlu Zeynalov (1934 – 6.3.2008) Bakıda doğulub.
27 dekabr 1938 – Xalq artisti Safurə Ağabala qızı İbrahimova (1938 – 21.12.2020) Bakıda anadan olub. Milli Dram Teatrında çalışıb. “Sevil”, “Arşın mal alan”, “Qatır Məmməd”, “Alma almaya bənzər”, “Dərviş Parisi partladır” və s. filmlərdə çəkilib.
27 dekabr 1990 – Xalq artisti, xanəndə Əbülfət Əsəd oğlu Əliyev (30.12.1926 – 1990) vəfat edib.
27 dekabr 2021 – Əməkdar artist Zilli Yunus oğlu Namazov (15.10.1951 – 2021) vəfat edib.
Hazırladı: Vüqar Orxan

























