Bakının sürətlə inkişaf edən Ağ şəhər ərazisində D’ART Gallery adlı yeni incəsənət məkanının təqdimat mərasimi və “Nəsildən-nəslə” adlı ilk sərgisınin açılışı keçirilib.

D’ART Gallery sənət, mədəniyyət və yaradıcılıq dialoqu üçün yeni məkandır. Qalereya Azərbaycanın tarixi sənət nümunələri ilə müasir incəsənəti bir araya gətirərək sənətsevərlərə zaman, üslub və bədii baxışlar arasında səyahət təqdim edir.  Eyni zamanda rəssamların dəstəklənməsi, kolleksiyaçıların cəlb olunması və Azərbaycan təsviri sənətinin beynəlxalq auditoriyaya təqdim edilməsi qarşıya məqsəd qoyulub.

Qalereyadan verilən məlumata görə, “Nəsildən-nəslə” adlı açılış sərgisində Xalq rəssamları Mikayıl Abdullayev, Hafiz Məmmədov, Elbəy Rzaquliyev, Toğrul Nərimanbəyov, Ömər Eldarov, Rasim Babayev, Fuad Salayev, Xanlar Əhmədov kimi Azərbaycanın görkəmli sənətkarları ilə yanaşı, orta və gənc nəsil rəngkar, qrafik və heykəltaraşların ümumilikdə 50-ə yaxın əsəri nümayiş olunur. Sərgi Azərbaycan təsviri sənətinin keçmişi ilə indisi arasında körpü yaradır.

Sərginin fəxri qonağı Xalq rəssamı, görkəmli heykəltaraş Ömər Eldarov çıxışında qeyd edib ki, Bakıda yeni qalereyanın açılması əhəmiyyətli mədəni hadisədir: “Mən çox şadam. Bilirsiniz, aktyor üçün teatr açılması nə qədər vacibdirsə, biz rəssamlar üçün də yeni qalereya bir o qədər əhəmiyyətlidir. Əminəm ki, D’ART Gallery bu məsuliyyətli missiyanı layiqincə yerinə yetirəcək”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov diqqətə çatdırıb ki, qalereyanın həmtəsisçisi Dilarə Müzəffərli mərkəzin üzvüdür, onun ideya müəllifi və rəhbəri olduğu tolerantlıq və multikulturalizm mövzusuna dair sıra sərgilər həyata keçirmişik. “Sənət həmişə öz dövrünün carçısı olub. Hər rəssam öz növbəsində gələcəyə bir mesaj ötürüb. Bu sərginin “Nəsildən-nəslə” adlanması çox simvolikdir, müxtəlif dövrlərə aid əsərlər bir məkanda zamansızlaşır”, – deyə o əlavə edib.

Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Xalq rəssamı, professor Fuad Salayev bildirib ki, qalereya həm memarlıq quruluşuna, həm də ekspozisiyasına görə təqdirəlayiqdir: “Yeni zamanda yaşayırıq, yeni qalereyaların açılması Azərbaycan mədəniyyəti üçün çox vacib bir haldır. Qalereyanın gələcək fəaliyyətində uğurlar arzu edirəm“.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti rektorunun müşaviri professor Validə Məmmədova da sərginin mövzusunun çox önəmli və simvolik olduğunu vurğulayıb.

Xalq rəssamı Arif Hüseynov sərginin ekspozisiyasına daxil olan əsərlərin sənətşünaslıq nöqteyi-nəzərindən yüksək professionallıqla seçildiyini qeyd edib.

Qalereyanın həmtəsisçisi və direktoru, sənətşünas Dilarə Müzəffərli bildirib ki, D’ART Gallery olaraq biz Azərbaycan incəsənətinin zəngin irsini və müasir ifadələrini bir araya gətirən bir platforma yaratmaq arzusu ilə yola çıxmışıq. “Nəsildən-nəslə” sərgisi bu arzunun ilk konkret ifadəsidir: “Burada XX- XXI əsrlərin görkəmli sənətkarlarından XXI əsrin müasir istedadlarına qədər geniş bir spektr nümayiş olunur. Sərgi vasitəsilə izləyicilər yalnız rəng və formaların harmoniyasını deyil, həm də nəsillər arasındakı dialoqu, keçmiş və bugünün incəsənət dili ilə necə birləşdiyini görə bilirlər”.

Qalereyanın həmtəsisçisi Nicat Pənahlı tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək deyib: “Arzum budur ki, insanlarımız bir-birinə hədiyyə olaraq rəsm əsərləri verərək sənət adamlarına dəstək və həmrəyliklərini bu addımlarla da ifadə etsinlər”.

Daha sonra qonaqlar qalereyanın dizayn layihəsinin müəllifi memar-dizayner Ruslan Solnaryovun hazırladığı video-çarxı izləyib və sərgi ilə yaxından tanış olublar.

Sərgi 18 yanvar 2026-cı il tarixinədək davam edəcək. Təqdim olunan əsərlər eyni zamanda satışdadır.