Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində tanınmış teatr rəssamı, qrafika və dekorativ-tətbiqi sənət ustası Sənubər Səmədovanın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə muzeydən məlumat verilib.
Dövlət Teatr Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova milli mədəni irsimizin yaşadılması baxımından bu qəbildən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Muzeyin əməkdaşı Türkan Əliyeva teatr rəssamlığının səhnə sənətindəki rolundan bəhs edərək illərini bu peşəyə həsr etmiş Sənubər Səmədovanın yaradıcılıq bioqrafiyasını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Yubiley tədbirində Sənubər Səmədovanın sənətə bağlılığından, peşəkarlığından və insani keyfiyyətlərindən söz açılıb.
Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı, Xalq artisti Bəxtiyar Xanızadə, Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanov, Azərbaycan Dövlət Pantomim Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşov, “Bakı” rəsm qalereyasının rəhbəri Eldəniz Babayev, Əməkdar rəssam Həmzə Abdullayev və başqaları yubilyarı təbrik edərək, onunla bağlı öz ürək sözlərini və səmimi fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində muzey əməkdaşlarının sənətkarın həyat və yaradıcılığı haqqında hazırladıqları videoçarxlar, həmçinin Sənubər Səmədovanın Pantomim teatrında bədii tərtibat verdiyi “Katarsis” tamaşasının videoyazısından bir parça nümayiş olunub.
Azərbaycan Dövlət Kukla Teatrının kollektivi yubilyarın şərəfinə “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşasından canlı səhnəcik təqdim edib.
Gənc musiqiçilər Cəlal Səmədov və Günel Əsədova tədbirə öz ifaları ilə xüsusi ovqat qatıblar.
Sonda Sənubər Səmədova tədbirin təşkilinə görə muzeyin rəhbərliyinə və kollektivinə, həmçinin göstərilən diqqətə görə bütün qonaqlara minnətdarlığını bildirib.
Muzeydə rəssamın müxtəlif növ əsərlərindən ibarət qurulan sərgi sənətkarın çoxşaxəli yaradıcılıq fəaliyyətinə nəzər salmaq, keçdiyi sənət yolunu izləmək baxımından böyük maraq doğurub.

























