Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Memarlıq və İncəsənət İnstitutunun yeni nəşrlərinin təqdimatı keçirilib.

Bu barədə Bəstəkarlar İttifaqından məlumat verilib.

Tədbirdə akademik Zemfira Səfərovanın “Патриарх азербайджанской музыки Узеира Гаджибейли” (“Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli”) və “Üzeyir Hajibeyli Life and Creative Career” (“Üzeyir Hacıbəyli. Həyatı və yaradıcılıq fəaliyyəti”), sənətşünasıq üzrə fəlsəfə doktorları Ülkər Talıbzadənin “Akademik Zemfira Səfərova”, Lalə Kazımovanın “Füzuli qəzəlləri Azərbaycan musiqisində”, Sehranə Kasiminin “Azərbaycan musiqisinin inkişafı: mədəni tarixi kontekstdə təhlil” kitablarının təqdim olunub.

Qeyd edilib ki, bu kitabların hər birinin işıq üzü görməsində AMEA-nın həqiqi üzvü, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi, sənətşünaslıq elmlər doktoru Zemfira Səfərovanın böyük rolu var.

Bəstəkarlar İttifaqının sədri AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə təqdim olunan kitabların milli musiqişünaslıq elminə böyük töhfə olduğunu vurğulayıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Memarlıq və İncəsənət İnstitutunun direktoru professor Ərtegin Salamzadə yeni nəşirlərin məziyyətlərindən danışıblar.

Sonra sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə, sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərli və musiqişünas Raya Abbasovanın təqdimatı keçirilən kitablarla bağlı məruzələr dinlənilib.

Bədii hissədə bəstəkar Sevda Məmmədli Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının mövzuları əsasında “Fantaziya”sını ifa edib.

Sonda akademik Zemfira Səfərova çıxış edərək Üzeyir musiqisindən təsirləndiyini və daim bu musiqidən xüsusi ilham aldığını deyib: “20 il bundan öncə Bəstəkarlar İttifaqında Üzeyir bəyə həsr olunan kitabımın təqdimatı idi. O zaman Xalq artistləri Xuraman Qasımova və Azər Zeynalov Üzeyir bəyin “Arşın mal alan” operettasından “Elə bənd oldum” duetini ifa etdikdən sonra mən də dedim ki, Üzeyir bəy irsinə elə bənd olmuşam ki, 40 ildir onun cazibəsindən çıxa bilmirəm. Bu gün həmin fikrin üstünə 20 il də əlavə edilib. Bəli, 60 ildir ki, Üzeyir bəy musiqisinin cazibəsi məni özünə ram edib”.

Üzeyir bəylə bağlı tədqiqatlarından danışan Zemfira xanım digər müəllifləri də yeni kitabların işıq üzü görməsi münasibətilə təbrik edib və tədbirin təşkilində iştirakı olan və eləcə də təqdimat mərasimində çıxış edən hər kəsə minnətdarlığını bildirib.