Tarixdəki olaylar
24 dekabr 1993 – Prezident Heydər Əliyev ilk dəfə iştirak etdiyi MDB sammitində (Aşqabad) bəyanatla çıxış edərək Birlik ölkələrini Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibət bildirməyə çağırıb. Lakin MDB ölkələri bu məsələdə obyektiv mövqe tutmaqdan yayınıblar və sonrakı müddətdə qurum bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətinə münasibət bildirilməyib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
24 dekabr 1798 – Polyak şairi Adam Miskeviç (Adam Bernard Mickiewicz; 1798 – 26.11.1855) anadan olub.
24 dekabr 1867 – Türk şairi Tofiq Fikrət (Mehmet Tevfik Fikret; 1867 – 19.8.1915) İstanbulda doğulub.
24 dekabr 1872 – Yazıçı-publisist, pedaqoq Ömər Faiq Nemanzadə (1872 – 10.10. 1937) Gürcüstanda, Ahıska (Axalsıx) qəzasının Azqur kəndində doğulub. “Şərqi-rus” qəzetinin, “Molla Nəsrəddin” jurnalının yaradıcılarındandır. Gürcüstanda və Azərbaycanda maarif sahəsində çalışıb, repressiya qurbanı olub.
24 dekabr 1906 – İngilis yazıçısı, detektiv əsərlər müəllifi Ceyms Hedli Çeyz (James Hadley Chase – Rene Brabazon Raymond; 1906 – 6.2.1985) anadan olub.
24 dekabr 1926 – Əməkdar artist, balaban və klarnet ifaçısı Bəhruz Mahmud oğlu Zeynalov (1926 – 25.5.1998) Bakıda anadan olub.
24 dekabr 1928 – Əməkdar memar, memarlıq elmləri doktoru, akademik, Azərbaycan Dövlət mükafatı laureatı Şamil Seyfulla oğlu Fətullayev (1928 – 9.3.2015) Bakıda anadan olub. Azərbaycan memarlıq tarixinə dair dəyərli tədqiqatların müəllifidir.
24 dekabr 1939 – Şair, yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Məmməd Muxtar oğlu Aslan (1939 – 23.9.2015) Kəlbəcər rayonunun Laçın kəndində doğulub.
24 dekabr 1954 – Xalq artisti Natalya Valeh qızı Tağıyeva (1954 – 16.1.2005) anadan olub. Dövlət Rus Dram Teatrının aktrisası olub, filmlərdə çəkilib.
Hazırladı: Vüqar Orxan






















