Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin iştirakı ilə Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr olunan ədəbi-musiqili axşam keçirilib.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki, Fikrət Qoca Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri olan, zəngin yaradıcılığı ilə oxucu rəğbəti qazanan şairdir. Onun yaradıcılığının əsas xətlərindən biri vətən, vicdan və insan taleyi mövzuları üzərində təşəkkül tapıb. Fikrət Qocanın əsərlərinin dilinin sadəliyi və məzmununun dərinliyi onu oxuculara sevdirən əsas cəhətlərdəndir

Nazir müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin “Fikrət Qocanın 90 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı dövlətimiz tərəfindən ədəbiyyata göstərilən yüksək diqqət və qayğının daha bir nümunəsidir.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxışında vurğulayıb ki, şeirlərinə bu qədər çox mahnı bəstələnən ikinci şair demək olar ki, yoxdur. Şairin yaradıcılığının sosial-psixoloji dərinliyə malik, zərif duyğular üzərində qurulan şeirlərlə seçildiyini diqqətə çatdıran İ.Fəhmi deyib: “Fikrət Qocanın şeirlərinə bəstələnən mahnılar bu gün də səslənir, insan ruhunu silkələyir və dinləyiciyə müsbət enerji bəxş edir. Şair həyatında bir çox sınaqlardan keçsə də, yaradıcılığında daim nikbin ruh üstünlük təşkil edib”.

Sonra Fikrət Qocanın sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı təqdim edilib.

Proqramda Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu, eləcə də solistlər Almaz Orucova, Nurlan Əzizbəyli, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Fikrət Məmmədov və digər ifaçılar çıxış ediblər.

Qiraətçilər Əliağa Tapdıqoğlu və Səma Muğanna şairin yaradıcılığından nümunələr səsləndiriblər.