Dekabrın 22-də görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanovun 95 illiyi ilə əlaqədar Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə nəşr etdiyi “Tofiq Bakıxanov. Biblioqrafiya” kitabının və “Milli Kitabxananın qızıl fondundan” seriyasından nəşr edilən not məcmuələrinin təqdimatı keçirilib.
Bu barədə Milli Kitabxanadan məlumat verilib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov ustad tarzən, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya gəlmiş, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi olan Tofiq Bakıxanovun çoxşaxəli yaradıcılığından söz açıb. O, tərtib edilən biblioqrafiyada Tofiq Bakıxanovun bütün əsərlərinin, eləcə də həyat və yaradıcılığı haqqında materialların əhatə olunduğunu diqqətə çatdırıb, həmçinin bəstəkarın “Milli Kitabxananın qızıl fondundan” layihəsi üzrə nəşr edilən not məcmuələri barədə məlumat verib.
Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov təqdimatı keçirilən biblioqrafiyada dahi Üzeyir bəyin tələbəsi, Qara Qarayevin yetirməsi olan Tofiq Bakıxanovun bütün irsinin, yaratdıqlarının əks olunduğunu söyləyib, bəstəkarın keçdiyi yolu Azərbaycan musiqisinin XX əsrdən XXI əsrə keçdiyi yol adlandırıb. Musiqimizin ən müxtəlif forma və janrlarındakı çoxsaylı əsərləri olan Tofiq Bakıxanovun şanlı sülalənin övladı olduğu, bu yaşında da məsuliyyət hissini itirmədən, daxilən səfərbər olaraq daima yeniliyə can atdığı vurğulanıb.
Bəstəkarın “Xəzər balladası” baletinin 1969-cu ildə Parisdə səhnəyə qoyulduğunu, bununla bəstəkarın dünyada tanındığını söyləyən akademik bu hadisənin musiqi tariximizdə xüsusi hadisə olduğunu vurğulayıb. Bildirib ki, Tofiq Bakıxanov kimi insanlar mənəvi körpüdürlər, yaddaş körpüsüdürlər, keçmişi bu günə bağlayırlar. O qeyd edib ki, bəstəkarın bütün fəaliyyəti ilə yanaşı, yerinə yetirdiyi başqa bir missiya da öz soyadına layiqli xidmət etməsidir.
Azərbaycan Milli Kitabxanası tərəfindən professionallıqla hazırlanan biblioqrafiyaların önəmini qeyd edən Rafael Hüseynov kitabxanada bu işin incəliklərinə bələd olan, mədəniyyət qarşısındakı məsuliyyətlərini dərk edən insanların çalışdığını söyləyib, qiymətli nəşrə görə kitabxananın rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov da qiymətli nəşrlərin ərsəyə gəlməsində xidmətlərinə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, bu əlamətdar gündə görkəmli bəstəkar, canlı əfsanə, əsərləri dəfələrlə dünya səhnələrində yer almış Tofiq Bakıxanov haqqında nə qədər danışsaq, azdır. Bəstəkarı böyük musiqi xadimi adlandıran nazir müavini ona möhkəm cansağlığı arzulayıb.
Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru professor Kamilə Dadaş-zadə, Xalq artisti, bəstəkar Eldar Mansurov, AMK-nın prorektoru professor Lalə Hüseynova, Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Xalq artisti Sərdar Fərəcov, Əməkdar jurnalist İttifaq Mirzəbəyli bəstəkarın çoxsaylı və çoxjanrlı əsərlərinin bir xəzinə olduğunu vurğulayıb, Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr vermiş yubilyar sənətkara cansağlığı arzulayıblar.
Sonda çıxış edən Xalq artisti Tofiq Bakıxanov ona və yaradıcılığına göstərilən daimi və xüsusi diqqətə görə Azərbaycan dövlətinə, ölkə başçısına minnətdarlığını bildirib. O, həmçinin tədbirin yüksək səviyyədə təşkilinə və özünün dünyanın 33 ölkəsinin kitabxanalarında mühafizə olunan əsərlərini də əhatə edən fundamental biblioqrafiyasının nəşrinə görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya təşəkkür edib.


























