Çində keçirilən “CITM 2025” (“China International Travel Mart”) beynəlxalq turizm sərgisi (19–21 dekabr) çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.

Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri Pekində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Çinin mədəniyyət və turizm naziri Sun Yeli arasında keçirilən görüşdə müzakirə olunub.

Tərəflər Azərbaycan Prezidenti İlham Əliyev və ÇXR Sədri Si Cinpinin səyləri ilə son dövrlərdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının turizm əlaqələrinin də inkişafına töhfə verdiyini qeyd ediblər.

Fuad Nağıyev Azərbaycan ilə Çin arasında son illərdə turizm əlaqələrinin dinamik və yüksələn xətlə inkişafını qeyd edərək viza rejiminin qarşılıqlı aradan qaldırılmasının turist axınına müsbət təsirini vurğulayıb.

Agentlik sədri Azərbaycanın turizm potensialının Çində tanıdılması məqsədilə aparılan genişmiqyaslı marketinq və tanıtım kampaniyalarının davam etdiriləcəyini bildirərək turizm əlaqələrinin yeni mərhələsi kimi Azərbaycanın Çində turizm nümayəndəliyinin açılmasının planlaşdırıldığını qeyd edib.

O, həmçinin yerli turizm sənayesinin çinli turistləri qarşılamaq üçün hazırlıq səviyyəsini artırmaq məqsədilə hazırlanmış “China Ready” proqramı haqqında məlumat verib, eləcə də ötən ay Bakıda keçirilən “China Visitors Summit” tədbirinin iki ölkənin turizm sənayesi nümayəndələri arasında əməkdaşlığın dərinləşməsi üçün vacib addımlardan biri olduğunu qeyd edib.

Nazir Sun Yeli öz növbəsində ölkələrimiz arasında iqtisadi və siyasi münasibətlərinin son illərdə möhkəmlənməsi, bunun turizmə müsbət təsirləri, çinli turistlərin Azərbaycana səfər etmələri üçün Azərbaycanın turizm imkanlarının Çin bazarında tanıdılmasının vacibliyini qeyd edərək, bu istiqamətdə birgə fəaliyyətin və turizm sənayesi nümayəndələri arasında ikitərəfli əlaqələrin genişlənməsinin önəmini qeyd edib. O, diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin qarşılıqlı faydalı tərəfdaşlıq üzrə inkişaf etdiyini, Azərbaycan turizm bazarının çinli turistlər üçün maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov da iştirak edib.

Azərbaycanın turizm imkanlarının tanıdıldığı “CITM 2025” sərgisində milli stenddə ölkəmiz Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC, "Şahdağ" Turizm Mərkəzi və digər yerli tərəfdaşlarla təmsil olunub. Sərgi çərçivəsində Azərbaycan milli stendi “Ən yaxşı stend” nominasiyasına layiq görülüb.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Çin Xalq Respublikasının Haykou şəhərində keçirilən sərginin açılış mərasimində iştirak edib.

Sərgi çərçivəsində Azərbaycan stendini ziyarət edən Çin Xalq Respublikasının mədəniyyət və turizm nazirinin müavini Gao Zheng və BMT Turizmin baş katibi Zurab Pololikaşvili ilə Fuad Nağıyev arasında görüş keçirilib.