AMEA Arxeologiya və Antropologiya İnstitutunda Qazaxıstan Respublikasının A.X.Marqulan adına Arxeologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Azat Aytkalının elmi seminarı keçirilib.
Seminarı açan Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri direktoru, dosent Zaur Həsənov bildirib ki, elmi tədbir iki türk respublikasının arxeoloqları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin növbəti göstəricisi kimi dəyərləndirilməlidir.
Azat Aytkalı əməkdaşı olduğu institut barədə geniş məlumat verib, o cümlədən dünya standartlarına uyğun arxeoloji ekspedisiyaların müasir texniki avadanlıqlarla təchizi və yeni texnoloji biliklər üzrə mütəxəssislərin yetişdirilməsi istiqamətində fəaliyyətdən söz açıb. Qeyd edib ki, rəqəmsal arxeologiya, o cümlədən geomatika (məkan-koordinat məlumatlarının toplanması, analizi və vizuallaşdırılması), paleobotanika, arxeozoologiya və digər sahələr üzrə dayanmadan təkmilləşmə aparılmaqdadır.
Qonaq alim diqqətə çatdırıb ki, beynəlxalq tədqiqatlarla birgə hər il 100-dən çox arxeoloji ekspedisiyalarla yanaşı, gənc arxeoloqlar üçün yay arxeoloji məktəbləri də təşkil olunur. Bu il həmin yay məktəblərində azərbaycanlı həmkarlarımız da iştirak ediblər.
Qazaxıstanlı arxeoloq Şərqi Qazaxıstanın İlk Dəmir dövrünə aid abidələrində (Маyemir, Berel, Kulajorqa və d.) aparılan tədqiqatlar, onların istiqamətləri və nəticələrindən də söz açıb, sak mədəniyyətindən, yeni “qızıl geyimli adam”ın aşkar edilməsindən danışıb. Bildirib ki, bu ərazilərdə sakların, hunnu-syanbi (jujan/avar), daha sonra türk, kimak xaqanlıqlarının erkən abidələrinə rast gəlinir.
Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.
Elmi seminarda A.Aytkalı ilə birgə Azərbaycanda elmi ezamiyyətdə olan A.X.Marqulan adına Arxeologiya İnstitutunun elmi işçisi, L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin doktorantı Asiya Karajigitova və Qazaxıstan Respublikası Milli Muzeyinin Arxeologiya və etnologiya şöbəsinin müdiri, L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin doktorantı Arman Kurmangaliyev də iştirak ediblər.





















