Dekabrın 21-də Nizami Kino Mərkəzində Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” sənədli filminin təqdimatı keçirilib.
Film Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun və Bakı Media Mərkəzinin birgə layihəsidir.
Təqdimatda Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak edib.
Filmin nümayişindən sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ekran işində üç müxtəlif dini təmsil edən rəfiqələrin timsalında Azərbaycan xalqının müxtəlif din və xalqlara yanaşmasının ortaya qoyulduğunu bildirib: “Əsrlər, minilliklər boyu bu coğrafiyada Azərbaycan xalqı multikultural dəyərləri, bir-birinə hörməti, çiyin-çiyinə yaşamağı, adət-ənənəni növbəti nəsillərə ötürmək kimi çox möhtəşəm bir xüsusiyyəti özündə yaşadır. Bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələri birlikdə yaşayır, fəaliyyət göstərir, yaradır. Bu, Azərbaycan xalqının müdrikliyinin ən bariz nümunələrindən biridir”.
Komitə sədri qeyd edib ki, Ulu öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində multikultural dəyərlər Azərbaycan xalqının sadəcə adət-ənənəsi kimi qalmadı, bu gün də uğurla davam edən dövlət siyasətinə çevrildi. O, işğaldan azad edilən ərazilərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə ibadət yerlərinin də bərpa olunduğunu iqqətə çatdırıb.
Ekran işinin quruluşçu rejissoru Fuad Məmmədzadə filmin əsas qəhrəmanları olan Nigar, Cəmilə və Sofiya obrazlarının əsasında Azərbaycan üçün təbii olan bir reallığı çatdırmaq istədiklərini deyib: “Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada eyni zamanda müsəlman, yəhudi və xristianlar vahid ailə kimi yaşayır. Biz həmin xanımların timsalında bir mesaj vermək istəyirik ki, bu, həqiqətən də mümkündür”.
Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsal etdiyi sənədli film Azərbaycanda müxtəlif din mənsublarının birgəyaşayışı üçün yaradılmış imkanlar, dinlərarası harmoniyanın təbliği məqsədilə hazırlanıb. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissoru Fuad Məmmədzadə, ssenari müəllifləri Fuad Məmmədzadə və Ramil Ələkbərov, quruluşçu operatoru Ziya Babayev və bəstəkarı Hafiz İbrahimlidir.
Çəkilişlər Azərbaycanın müxtəlif bölgələrindəki dini ibadətgahlarda, həmçinin ölkəmizdəki nümunəvi tolerantlıq və multikulturalizm mühitini, dinlərarası harmoniyanı, həmrəyliyi, mədəni müxtəlifliyi, birgəyaşayış dəyərlərini təbliğ və təşviq etmək məqsədilə noyabrın 5-də Bakıda keçirilən “Fərqliliyin rəngi” festivalında aparılıb.
Film fərqli din mənsubu olan üç rəfiqənin gündəlik həyatı və qarşılıqlı münasibətlərinin nümunəsində ölkəmizdəki tolerant mühiti işıqlandırır. Onların yaşayış tərzi, ailə münasibətləri, dini ibadətləri və dostluq əlaqələri fonunda Azərbaycanda hökm sürən qarşılıqlı anlayış, etimad və mədəni müxtəliflik mühiti tamaşaçıya çatdırılır.
























