Bakı Dövlət Sirki Yeni il ərəfəsində xüsusi proqramını təqdim edib.

“Yeni il karvanı” adlı proqramda müxtəlif ölkələri təmsil edən sirk sənəti ustaları həm ənənəvi, həm də müasir nömrələrlə çıxış ediblər.

Jonqlyorluq sənətindən güc nümayişlərinə, akrobatların balans hərəkətlərindən hava gimnastının həyəcanverici uçuşuna qədər nömrələr, arenada “müxtəlif çəki kateqoriyalarına” aid itlərin peyda olması tamaşaçılarda xüsusi heyranlıq doğurub.

Proqramın adının özü də dəvələrin iştirakına dair gözlənti yaradırdı. “Səhra gəmiləri” karvanının parlaq sirk işıqları altında görünməsi publika arasında böyük ajiotaj yaradıb.

Sirk ab-havasının xoş emosional gərginliyi bütün tamaşa boyu, onun kulminasiya nöqtəsi olan möhtəşəm moto-şouya qədər azalmayıb. Bu nömrə bayram əhvali-ruhiyyəsinə qərq olmaq üçün həmin gün sirkə gələn hər kəsdə, sözün əsl mənasında, nəfəs kəsən təəssürat yaradıb.

Tamaşa sanki böyüklərlə çoxsaylı uşaqlar arasındakı sərhədi aradan qaldırıb. Bu, xüsusilə fasilələr zamanı səhnəyə çıxan və səhnəcikləri ilə gülüş doğuran məzəli kloun cütlüyünün çıxışlarında hiss olunub. Onların “şıltaqlıqlarında” iştirak etmək dəvətinə tamaşaçıların böyük həvəslə qoşulması zalda gur alqışlara səbəb olub.

Şaxta babanın arenada görünməsi və Yeni il ağacının təntənəli şəkildə “ucaldılması” isə xüsusilə uşaq auditoriyasına böyük sevinc yaşadıb...

Bakı Dövlət Sirki 2026-cı il yanvarın 11-dək paytaxt sakinlərini və şəhər qonaqlarını “Yeni il karvanı” səyahətinə baxmağa davam edəcək.

Xatırladaq ki, şapito-sirk paytaxtın Səbail rayonunda, Su İdmanı Sarayının yaxınlığında, akademik A.Yaqubov küçəsi 15 ünvanında yerləşir.