“Bizim 105 yaşımız var!” – dekabrın 20-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına gələn çoxsaylı sənətsevərləri və qonaqları foyedə bu başlıq altına tərtib edilmiş geniş fotosərgi qarşılayırdı.
1920-ci ilin bu günündə Azərbaycanın mədəniyyət tarixi üçün əlamətdar hadisə baş vermiş, Bakıda Azərbaycan SSR Xalq Maarif Komissarlığının qərarı ilə yaradılan rus teatr truppasının – o vaxt Azad Tənqid və Təbliğ Teatrı (“Satir-Aqit” teatrı) adlanan sənət ocağının açılışı olmuşdu. 1923-cü ildə yenidən təşkil edilərək Bakı İşçi Teatrı, 1937-ci ildə isə Azərbaycan Dövlət Rus Dram Teatrı adlandırılan teatr ötən dövrdə zəngin inkişaf yolu keçib.
Bu illərdə təkcə rus dramaturgiyasının deyil, dünya dramaturgiyasının seçkin nümunələri, eləcə də Azərbaycanın ədəbiyyatından dəyərli əsərlərinin səhnə həlli tələbkar və zövqlü tamaşaçı auditoriyasına təqdim edilib. Teatr eyni zamanda müxtəlif ölkələrə qastrol səfərlərində, qatıldığı çoxsaylı festivallarda Azərbaycan mədəniyyətini və səhnə sənətini uğurla təqdim və təmsil edib. Bu illər həmçinin Azərbaycanda teatr sənətinin inkişafına töhfələr vermiş nəsillərin bir-birini əvəzləməsi, yeni yaradıcılıq axtarışları və nailiyyətləri ilə yadda qalıb.
Teatrın foyesində sərgilənən fotolar bu zəngin sənət salnaməsinə, qısa da olsa, ekskurs imkanıdır.
Yubiley axşamında səhnədə isə teatrın repertuarındakı ən yeni nümunələrdən biri – dünya dramaturgiyasının zirvə əsərlərindən olan Vilyam Şekspirin "Hamlet"i vardı.
Teatrın baş rejissoru Xalq artisti Aleksandr Şarovskinin quruluş verdiyi tamaşanın premyerası Akademik Rus Dram Teatrının 104-cü mövsümündə, 2025-ci ilin 7 və 9 mart tarixlərində olub.
İki heyətlə hazırlanan tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq dizayneri Nikolay Rudıçev, bəstəkarı Anar Yusufov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur. Döyüş səhnəsinin quruluşu Əməkdar artist Natalya Baliyevaya aiddir. Səhnə danışığı üzrə pedaqoq Xalq artist Aleksandra Nikuşina, rejissor assistenti və xoreoqraflar Əməkdar artistlər Mariya Dubovitskaya və Həcər Ağayevadır.
Dekabrın 20-də səhnədə ikinci heyət (Kral Klavdi – Rüfət Nəzərov, Kraliça Gertruda – Olqa Arsentyeva və b.) və gənc aktyorlar (o cümlədən Hamlet rolunda Rüfət Əliyev, Ofeliya rolunda Tamilla Abutalıbova) oynasa da, Şekspirin ölməz əsərinə layiq möhtəşəm tamaşa nümayiş olundu.
Tamaşadan sonra bir neçə dəqiqə sürən sürəkli alqışlar da bunun təsdiqi idi. Yeri gəlmişkən, tamaşaçılar arasında Rusiyanın və İsrailin Azərbaycandakı səfirləri Mixail Yevdokimov və Ronen Kraus, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyev, paytaxt teatrlarının rəhbər və əməkdaşları, tanınmış rejissorlar və artistlər vardı.
Bu alqışlar altında səhnəyə çıxan baş rejissor Aleksandr Şarovski diqqətə çatdırdı ki, 1920-ci ilin 20 dekabrında məhz bu vaxt Bakıda Rus Dram Teatrının ilk tamaşasının pərdəsi alqışlar altında enmiş, indi qeyd etdiyimiz 105 illik tarixin təməli qoyulmuşdu.
Baş rejissor yubileylə bağlı kollektivə təbrik məktubları göndərmiş həmkarlarına, o cümlədən Milli Gənc Tamaşaçılar Teatrının və Akademik Musiqili Teatrın rəhbərliyinə, eləcə də bu axşam zalı dolduraraq Akademik Rus Dram Teatrını alqışlayan hər kəsə minnətdarlığını bildirdi. Qeyd etdi ki, teatr hər zaman artistləri və onları alqışlayan tamaşaçıları ilə yaşayır: “Yaşasın teatr!”.
Vüqar Orxan




























