2023-cü ildə Azərbaycanda ilk dəfə keçirilən Uşaq İncəsənət Festivalının laureatı olmuş Kövsər Qurban beynəlxalq səviyyədə uğura imza atıb.

O, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) birgə təşkil etdiyi PLURAL+ Gənclər Video Festivalında “Black and White” animasiya filmi ilə ikiqat qalib olub.

Kövsər festivalda 12 yaşdan aşağı yaş kateqoriyası üzrə beynəlxalq jüri mükafatına (1-ci yer) və FCAT tərəfdaş mükafatına layiq görülüb.

Bu uğur ona 14-15 dekabr tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) 11-ci Qlobal Forumu çərçivəsində mükafatlandırma mərasiminə iştirak hüququ qazandırıb.

Gənc istedadın nailiyyətləri bununla bitmir. Kövsər Qurban İspaniyada beynəlxalq incəsənət festivalında fortepiano üzrə solo ifada birinci olub, Art Olimpia İncəsənət Müsabiqəsində fortepiano üzrə solo ifa kateqoriyasında mükafat qazanıb. Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi "Uşaq İncəsənət Festivalı - 2023"də rəsm nominasiyası üzrə 2-ci olub.