Dekabrın 20-də Naxçıvan Dövlət Universitetində (NDU) Milli Süni İntellekt Mərkəzinin rəhbər heyəti ilə görüş keçirilib. 

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə süni intellekt sahəsində təhsil, tədqiqat və innovasiya istiqamətləri üzrə qarşılıqlı əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Rektor Elbrus İsayev bildirib ki, gələcəkdə bu ali təhsil ocağında kibertəhlükəsizlik və süni intellekt mərkəzlərinin yaradılması, habelə rəqəmsallaşmanın genişləndirilməsi əsas prioritetlərdəndir.

Görüşdə süni intellektlə bağlı seçmə fənlərin tədrisinə marağın böyük olduğu və ilkin mərhələdə bu istiqamətdə həm bakalavr, həm də magistratura üzrə tədris proqramları ilə sillabusların hazırlandığı və tətbiqinin nəzərdə tutulduğu açıqlanıb.

Nəzərə çatdırılıb ki, NDU-da tibb sahəsində süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı işlərin aparılması gözlənilir.

Rektor çıxışında tələbələrin süni intellekt sahəsinə daha sürətli adaptasiya olunduğunu qeyd edərək bu sahə üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinin vacibliyini önə çəkib. Bildirib ki, NDU-da dünyanın 22 ölkəsindən xarici tələbələr təhsil alırlar. Bu səbəbdən də gələcəkdə beynəlxalq standartlara uyğun, sistemli proqramların qurulması əsas məqsəd kimi müəyyən edilib.

NDU ilə Süni İntellekt Akademiyası arasındakı əməkdaşlıq, birgə strukturun formalaşdırılması, növbəti beynəlxalq süni intellekt konfransının keçirilməsi və bu istiqamətdə dəstəyin göstərilməsi prioritet hesab edilir.

Milli Süni İntellekt Mərkəzinin direktoru Tuncay Bağırov mərkəzin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, mərkəz dörd əsas istiqamət üzrə fəaliyyət göstərir və NDU ilə Milli Süni İntellekt Mərkəzi arasında körpü rolunu oynamaqda maraqlıdır. O, infrastrukturun gücləndirilməsi, mütəxəssislərin hazırlanması, birgə tədqiqatların aparılması və əlaqələrin genişləndirilməsinin vacibliyini önə çəkib.

Tuncay Bağırov “Smart Office” modelinin üstünlüklərindən danışaraq süni intellekt sahəsində mütəxəssislərin cəlb ediləcəyini, proqram və layihələrə dəstək göstəriləcəyini də bildirib. NDU-nun tələbələrinin Milli Süni İntellekt Mərkəzinin bazasına qoşulacağı, fərqlənən və uğurlu tələbələrə tam dəstək veriləcəyi vurğulanıb. Xüsusilə tibb sahəsində süni intellekt tətbiqlərinin perspektivli olduğu, universitetin innovasiya mərkəzinə çevrilməsi üçün kifayət qədər potensiala malik olduğu qeyd edilib və bu istiqamətdə tam dəstəyə hazır olduqları diqqətə çatdırılıb.

Tədbir zamanı universitetdə mövcud ikili diplom proqramları, IELTS və SAT mərkəzləri, eləcə də beynəlxalq kitab bazası kimi imkanların muxtar respublikanın sosial-iqtisadi inkişafına töhfə verdiyi vurğulanıb.

Görüşün sonunda NDU ilə Milli Süni İntellekt Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Qonaqlar NDU-da İnnovasiya Mərkəzi və burada həyata keçirilən işlərlə tanış olub, mövcud avadanlıqlara baxış keçiriblər.