Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) Azərbaycan İstiqlal Muzeyi ilə birgə Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan elmi konfrans keçirib.

Bu barədə Azərbaycan İstiqlal Muzeyindən məlumat verilib.

Muzeyin direktoru Sədi Mirseyibli “İstiqlal Muzeyi Fətəli xan Xoyskinin işığında” mövzusunda çıxış edərək, görkəmli dövlət xadiminin ictimai-siyasi irsinin muzey ekspozisiyalarında əks olunmasından və onun müstəqil dövlətçilik ideyalarının təbliğindən bəhs edib.

DİA-nın Tarix kafedrasının müdiri Əməkdar müəllim Firdovsiyyə Əhmədova “Fətəli xan Xoyskinin Azərbaycan dövlətçiliyində xidmətləri”, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri Hacıyev “Fətəli xan Xoyskinin Gürcüstanla bağlı siyasəti və qətli haqqında məlumatlar” mövzularında çıxış ediblər.

Fətəli xan Xoyskinin siyasi irsi, dövlət idarəçiliyi prinsipləri və müasir Azərbaycan dövlətçiliyi baxımından əhəmiyyəti geniş müzakirə olunub.

Vurğulanıb ki, Fətəli xan Xoyskinin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması milli dövlətçilik ideyalarının qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda qonaqlar muzeydə "İstiqlalın zərif imzası: Fətəli xan Xoyski" sərgisi ilə tanış olublar.