Türkiyənin Qars Qafqaz Universitetinin Harakani Tədqiqat Mərkəzinin müdiri dosent Dr. Alparslan Kartal dekabrın 18-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

İnstitutun direktoru akademik Teymur Kərimli ilə qonaqla görüşüb. Görüşdə institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov, elmi katib tarix ü.f.d., dosent Aynur Hacıqədirli, Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix ü.f.d., dosent Nigar Babaxanova, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Lamiyə Rəhimova və Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Sevinc Bayramova iştirak ediblər.

Görüş əsnasında Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Qars Qafqaz Universiteti arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumun imzalanmasında əsas məqsəd iki heyət arasında elmi əməkdaşlığı gücləndirmək və əlaqələri genişləndirməkdir.

Akademik Teymur Kərimli qonağa Əlyazmalar İnstitutunun nəşri olan “Azərbaycan Multidissiplinar əlyazması: Xəzinədən incilər” kitabının ingiliscə versiyasını təqdim edib. Alparslan Kartal da öz növbəsində akademik Teymur Kərimliyə xatirə hədiyyəsi təqdim edib, göstərilən diqqətə görə institut rəhbərliyinə minnətdarlığını bildirib.

Qonağa institutun ekspozisiya zalında sərgilənən qədim və nadir əlyazma nümunələri, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri, həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu haqqında ətraflı məlumat verilib.

Alim eyni zamanda ekspozisiya zalında Ümummilli lider Heydər Əliyev, Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və böyük mesenat Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş guşələrlə də tanış olub.

Sonda Dr. Alparslan Kartal Əlyazmalar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıb. Görüş iştirakçılarının xatirə şəkli çəkilib.