Dekabrın 19-da Naxçıvan Dövlət Universitetinin (NDU) Kembric beynəlxalq məktəbində Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması, inkişafı və ədəbi normalara uyğun istifadəsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə “Azərbaycan ədəbi dilinin saflığının qorunması” mövzusunda tematik görüş keçirilib.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirdə NDU-nun rəhbərliyi, professor-müəllim heyəti, elmi işçilər, tədqiqatçılar, tələbələr, eləcə də NDU nəzdində İngilis dili təmayüllü gimnaziyanın şagirdləri də iştirak ediblər.
Universitetin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, Azərbaycan dilinin dövlət dili kimi qorunması və saflığının təmin edilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi strateji dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının ana dilinin saflığının qorunmasına dair prinsipial mövqeyi ali təhsil müəssisələrinin üzərinə xüsusi məsuliyyət qoyur və bu məsələyə universitetin tədris prosesi, elmi araşdırmalar və ictimai mühitində ardıcıl şəkildə yanaşılır.
Elbrus İsayev vurğulayıb ki, ana dilinə hörmət yalnız normativ tələblərin icrası ilə məhdudlaşmır, bu, eyni zamanda milli düşüncə tərzinin və vətəndaş məsuliyyətinin formalaşmasının mühüm göstəricisidir. NDU ana dilinin qorunmasını institusional dəyər kimi qəbul edərək bu istiqamətdə maarifləndirici və davamlı elmi-ictimai mühit formalaşdırır.
Tematik görüşün əsas məruzəçisi filologiya elmləri doktoru, professor Mahirə Hüseynova Azərbaycan ədəbi dilinin tarixi inkişaf yolu, dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi və müasir dövrdə dilin qarşılaşdığı problemlər barədə ətraflı məlumat verib.
Professor qeyd edib ki, Prezident İlham Əliyevin ana dilinin saflığının qorunmasına dair ardıcıl çağırışları dilçilik elmi və təhsil sistemi üçün mühüm istiqamətverici rol oynayır. Mahirə Hüseynova ana dilinin qorunmasının yalnız elmi müstəvidə deyil, gündəlik ünsiyyət, ictimai davranış və xüsusilə də təhsil prosesində prinsipial mövqe tələb etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, qloballaşma şəraitində Azərbaycan ədəbi dilinin elmi əsaslarla tədrisi və düzgün tətbiqi milli kimliyin və milli yaddaşın qorunmasının əsas təminatlarından biridir. Dövlət başçısının ana dilini milli yaddaşın və milli təhlükəsizliyin əsas elementi kimi dəyərləndirməsi cəmiyyətin bütün təbəqələrində dilə məsuliyyətli münasibətin formalaşmasına xidmət edir.
Vurğulanıb ki, beynəlxalq təhsil proqramlarının tətbiq olunduğu mühitlərdə Azərbaycan ədəbi dilinin qorunması Prezident İlham Əliyevin müəyyən etdiyi milli dil siyasətinin praktik təzahürüdür. Bu baxımdan, Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Kembric beynəlxalq məktəbi və ingilis dili təmayüllü gimnaziya ana dilinin qorunduğu və yüksək səviyyədə tətbiq edildiyi nümunəvi təhsil ocaqları kimi dəyərləndirilib.
Görüş çərçivəsində dilin ictimai-siyasi həyatda rolu, kütləvi informasiya vasitələrində dil mədəniyyətinin qorunması və tədris prosesində ədəbi dil normalarına riayət edilməsi kimi mövzularda geniş fikir mübadiləsi aparılıb.
Rektor vurğulayıb ki, bu cür görüşlər və elmi müzakirələr ali təhsil mühitində ana dilinə məsuliyyətli münasibətin formalaşmasına, elmi yanaşmanın güclənməsinə və milli dil siyasətinin uğurla həyata keçirilməsinə mühüm töhfə verir. Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetində Prezident İlham Əliyevin müəyyən etdiyi milli dil siyasətinə uyğun olaraq ana dilinin qorunması, ədəbi saflığının təmin edilməsi və gənc nəslə aşılanması istiqamətində elmi-ictimai tədbirlərin təşkili bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.























