Görkəmli musiqişünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, Prezident təqaüdçüsü, professor İmruz Əfəndiyevanın 90 illik yubileyi Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) qeyd edilib.

Tədbirdə Bəstəkarlar İttifaqının sədri Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə çıxış edərək İmruz Əfəndiyevanın Azərbaycan musiqişünaslıq elminin tədqiqi və təbliğindəki səmərəli fəaliyyətindən söhbət açıb. 

Qeyd edilib ki, İmruz Əfəndiyeva milli musiqişünaslığın aktual məsələlərinə dair monoqrafiyaların, topluların və elmi məqalələrin müəllifidir. Onun bəstəkar və ifaçılar - Oqtay Zülfüqarov, Emin Sabitoğlu, Vasif Adıgözəlov, Sevda İbrahimova, Telman Hacıyev, Rəşid Behbudov və başqalarının yaradıcılığı ilə bağlı monoqrafiyaları tədqiqatçılar tərəfindən böyük rəğbətlə qarşılanır. İ.Əfəndiyeva 1968-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Hazırda Ağsaqqallar Şurasının üzvü və “Uşaq musiqisi” bölməsinin sədridir. İttifaqda keçirilən tədbirlərdə, konfranslarda və dəyirmi masalarda fəal iştirak edir.

Tədbirdə ABİ-nin katibi Əməkdar incəsənət xadimi, professor Elnara Dadaşovanın “İmruz Əfəndiyevanın yaradıcılıq fəaliyyətində uşaq musiqisinin problemlərinə münasibət”, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri professor Könül Nəsirovanın "Şərəfli ömrün anları”, ABİ-nin katibi sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabovanın “İmruz Əfəndiyevanın tədqiqatlarında elmi axtarışlar”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehparə Rzayevanın "İmruz Əfəndiyeva – 90: Elmin fədaisi" mövzularında məruzələri dinlənilib.

Yubilyara Azərbaycan Bəstəkarlar İttifaqı və “Mirzə İbrahimov irsinin qorunması və təbliği Fondu”nun rəhbərliyi adından təbrik  qovluğu təqdim olunub.

Tədbir bədii proqramla davam edib.