Naxçıvan Dövlət Universitetinin (NDU) dəvəti və təşkilatçılığı ilə dünyada məşhur türkiyəli astrofizik-alim Umut Yıldız Naxçıvana ilk dəfə səfər edib.
Bu barədə NDU-dan məlumat verilib.
Umut Yıldız Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında NDU Simfonik orkestrinin "Kosmosun səsi" adlı konsert proqramı fonunda səhnədən planetlər və kainat haqqında elmi biliklərini bölüşüb.
Konserti dövlət rəsmiləri, deputatlar, NDU-nun professor-müəllim heyəti, tələbələr, ictimaiyyət nümayəndələri izləyiblər.
Elm və incəsənətin vəhdətini əks etdirən konsert proqramının bədii rəhbəri və dirijoru Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, NDU-nun müəllimi Səməd Əsgərov olub.
Proqramın musiqi hissəsinin əsasını görkəmli ingilis bəstəkarı Qustav Holstun “Planetlər” silsiləsi təşkil edib. Müəllifin “Mars – Müharibə gətirən”, “Venera – Sülh gətirən”, “Merkuri – Qanadlı elçi”, “Yupiter – Şadlıq gətirən”, “Saturn – Qocalıq gətirən”, “Uran – Sehrbaz” və “Neptun – Mistik” əsərləri səsləndirilib.
Astrofizik-alim Umut Yıldızın təqdimatı ilə keçirilən konsertdə musiqi və kosmik mövzular bir araya gətirilib, dinləyicilərə simfonik musiqinin müşayiəti ilə kainata həsr olunmuş bədii-kompozisiya təqdim edilib. Tədbir iştirakçıları kosmosun az tanınan tərəfləri ilə bağlı elmi izahları dinləyib və real təcrübələrə əsaslanan maraqlı məlumatlar əldə ediblər.
“Kosmosun səsi” adlı konsert proqramı elmi biliklərin musiqi dili vasitəsilə geniş auditoriyaya çatdırılması, xüsusilə gənclərdə elmə və klassik musiqiyə marağın artırılması ilə yadda qalıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxışında xüsusi əhəmiyyət kəsb edən tədbiri elm və mədəniyyətin vəhdəti kimi qiymətləndirib, muxtar respublika sakinləri üçün belə tədbirlərin intellektual və mədəni inkişaf baxımından önəmini vurğulayıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Umut Yıldızın ilk dəfə Naxçıvana səfərini əlamətdar hadisə kimi dəyərləndirib, bu kimi görüşlərin tələbələrin dünyagörüşünün genişlənməsinə və araşdırmaya marağın formalaşmasına töhfə verdiyini deyib. Rektor Umut Yıldıza dəyərli bilik və təcrübələrini Naxçıvan ictimaiyyəti ilə bölüşdüyünə görə təşəkkür edib.
Qeyd edək ki, Umut Yıldız Ankara Universitetinin astronomiya və kosmos elmləri ixtisası üzrə ali təhsil alıb, Niderlandın Groningen Universitetində magistratura, Leiden Universitetinin observatoriyasında doktorantura təhsilini başa vurub. Alim uzun illər NASA-nın (ABŞ) Reaktiv Sürət Laboratoriyasında çalışıb, hazırda Orta Doğu Texniki Universitetində (İstanbul) fəaliyyət göstərir.
























